Mahir Qəhrəmanov: «Bəzi mehmanxanalar 3 il müddətinə verilən keyfiyyət nişanını aldıqdan sonra xidmətlərinin səviyyəsini aşağı salırlar»
İyunun 23-də Azərbaycan Media Mərkəzində keçirilən növbəti debat turizm mövzusuna həsr olunub. “Azərbaycanda turizm mövsümünü açıq elan etmək olarmı?” mövzusunda keçirilən debatda Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov iştirak edib. O, Azərbaycanda turizm mövsümünün iyunun 1-dən elan edildiyini bildirib.
Debatda çıxış edən Sosial İqtisadi İslahatlar Mərkəzinin sədr müavini Natiq Hüseynov Quba, Nabran, Qəbələ, Lənkəran, Zaqatalada 12 mehmanxanada turizm mövsümünə hazırlıq vəziyyətini öyrənmək üçün monitorinq aparıldığını deyib. Onun sözlərinə görə, monitorinqin nəticələri mehmanxanaların mövsümə hazır olmadığını göstərir. Həmin obyektlərdə baqaj daşıma, avtomobillərin icarəyə verilməsi, internet və s. xidmətləri yoxdur: “Mövsüm elan edilərkən təkcə Azərbaycan vətəndaşları deyil, həm də xarici vətəndaşlar nəzərə alınmalıdır. Çünki ölkənin istirahət məkanlarında dincələn turistlərin əhəmiyyətli hissəsini xarici vətəndaşlar təşkil edir”.
N.Hüseynovun iradlarına cavab verən M.Qəhrəmanov bildirib ki, nazirlik mehmanxanalara lisenziya verməmişdən əvvəl onların qonaq qəbuletmə vəziyyətini öyrənir: “Amma bəzi mehmanxanalar 3 il müddətinə verilən keyfiyyət nişanını aldıqdan sonra xidmətlərinin səviyyəsini aşağı salırlar. Nazirlik bununla bağlı araşdırma apardıqdan sonra belə hotellərin ulduzlarının sayını azaltmağı nəzərdə tutur”.
M.Qəhrəmanov bildirib ki, Azərbaycanda son illər hotellərin və istirahət mərkəzlərinin sayı artdığından qiymətlərdə nəzərəçarpacaq dərəcədə endirimlər müşahidə olunur. Sektor müdirinin sözlərinə görə, bu gün ölkəmizdə aşağı səviyyəli mehmanxanalarda 1 günlük qalmaq xərci 8-15, orta səviyyəli mehmanxanalarda 20-35, yaxşı və yüksək səviyyəli mehmanxanalarda 40-130 manatdır.
Fəxriyyə