Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqının rəhbəri Talip Geylan ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar 24 apreldə yayımlanan açıqlamasında qondarma “soyqırımı” ifadəsini işlətməsinə sərt reaksiya verib: “Tarix boyu dünyaya hakim olan, onlarla dövlət və imperiya quran, tarixin heç bir dönəmində soyqırımı və müstəmləkəçiliklə xatırlanmayan türk millətinə qarşı böhtan atmaq yox hökmündədir. Tər-təmiz tariximizin şərəfi bizə və gələcək nəsillərimizə, qətllərlə, cinayətlərlə dolu tarixinizin xəcaləti isə təkcə sizə deyil, nəvələrinizə də yetər”.

T.Geylan bildirib ki, qiyamla, üsyanla Osmanlı dövlətinə xəyanət edib torpaq iddiasına düşən, türk qətliamları törədən ermənilərin deportasiya ilə cəzalandırılması, əslində,  əcdadlarımızın onlara qarşı ən alicənab davranışı olub.

ABŞ-ın Amerika qitəsinin əsil sahibləri olmuş qaradərili insanların kütləvi qətlləri üzərində qurulan bir dövlət olduğunu vurğulayan T.Geylan “qısa tarixində Yaponiyadan Vyetnama, Əfqanıstandan İraq və Suriyaya qədər dünyanın dörd bir yanında əlini günahsız insanların qanına bulayan ABŞ tarixi həqiqətləri dəyişə bilməz” deyə bildirib.

Mehparə SULTANOVA
Ankara