Aprelin 26-da Türkiyə Böyük Millət Məclisində (TBMM) Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri ilə bağlı xüsusi tədbir təşkil olunub. TBMM-in İnsan haqlarının araşdırılması komissiyası tərəfindən hazırlanan tədbirə parlamentin sədri Mustafa Şentop, digər rəsmilər, diplomatlar, elm adamları qatılıb.

“İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel müzakirəsinə keçməzdən öncə tədbir iştirakçıları mövzu üzrə fotosərgi ilə tanış olublar. Ermənistanın işğalçılıq siyasəti və davamlı hərbi təxribatları nəticəsində ötən il sentyabrın 27-də başlayıb 44 gün davam edən Vətən müharibəsində təcavüzkar tərəfin həyata keçirdiyi müharibə cinayətlərini əks etdirən fotolar erməni vandallığının bariz nümunəsi kimi diqqətə çatdırılıb. Vətən müharibəsində Ermənistanın siyasi-hərbi rəhbərliyinin göstərişi ilə Azərbaycanın dinc əhalisi, mülki obyektlər, yaşayış yerləri, infrastruktur düşmənin raket və artilleriyasının hədəfinə çevrilib. Hücumlar nəticəsində baş verən dağıntılar və insan faciələri fotosərgidə əksini tapıb.

Panel müzakirəsində TBMM-in sədri Mustafa Şentop və TBMM-in İnsan haqlarının araşdırılması komissiyasının sədri, AKP-li millət vəkili Hakan Çavuşoğlunun çıxışları dinlənilib.

“Bu panelin təşkilində məqsəd Ermənistanın hücumları ilə başlayan müharibə və həmin günlərdə Ermənistanın törətdiyi müharibə cinayətləri barədə həqiqətləri dünyaya çatdırmaqdır. Bir qədər əvvəl ziyarət etdiyimiz fotosərgidə bütün bu cinayətlərin bir daha şahidi olduq”, – deyə Mustafa Şentop bildirib.

Qeyd edək ki, tədbirin təşkilində məqsəd, həmçinin 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı irəli sürülən haqsız ittiham və iddialara cavab olaraq, ermənilərin Qarabağ müharibəsi zamanı törətdiyi hərbi cinayətləri dünyaya çatdırmaqdır.

Mehparə SULTANOVA
Ankara