Baloğlan Əşrəfov bu dünyadan köçdü

Azərbaycan musiqi sənətinə itki üz verib. Tanınmış müğənni, respublikanın Əməkdar artisti Baloğlan Əşrəfov aprelin 26-da, 70 yaşında vəfat edib.

Baloğlan Xanoğlan oğlu Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. Kənd məktəbində orta təhsil almaqla yanaşı, rayon Musiqi məktəbində 5 illik tar kursunu bitirib. BDU-nun Filologiya fakültəsində ali təhsil alıb (1978), beş il kənddə müəllim işləyib.

Sənətdə ilk uğuru 1971-ci ildə Azərbaycan Radiosunun keçirdiyi “Turac təranələri” radio olimpiadasında qalibiyyət olub. 1974-cü ildə keçirilən respublika festivalında qazandığı diplomu ona görkəmli müğənni Şövkət Ələkbərova təqdim edib.

Baloğlan Əşrəfov bir müddət Xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblda solist kimi fəaliyyət göstərib, kollektivlə Azərbaycanın şəhər və rayonlarında, qəsəbə və kəndlərində əməkçilər qarşısında çıxışlar edib. Həmçinin bir sıra ölkələrdə – Türkiyə, İraq, Almaniya və eləcə də keçmiş SSRİ-nin müxtəlif şəhərlərində konsert proqramlarında iştirak edib. 1989-cu ildə “Şəhriyar” ansamblını (“Azkonsert” Birliyinin nəzdində) yaradıb. “Yuxuma gəl”, “Anam mənim”, “Tanrıdan diləyim ol” və s. kompakt disklərini musiqisevərlərin ixtiyarına verib. Baloğlan Əşrəfov el şənliklərində, eləcə də müxtəlif tədbirlərdə, televiziya proqramlarında çıxışları, özünəməxsus ifa tərzi, həzin səsi ilə tamaşaçı və dinləyici rəğbəti qazanıb. “Ay ucan quşlar, siz qanad salın...” misralı məşhur mahnısı isə onun bütün çıxışlarının vizit vərəqi idi.

Müğənni musiqi sənətində uzunmüddətli və səmərəli fəaliyyətinə görə 2007-ci ildə Azərbaycanın “Əməkdar artist”i fəxri adına layiq görülmüşdü.

Baloğlan Əşrəfov aprelin 27-də Masallı rayonunun Bədəlan kənd qəbiristanlığında dəfn edilib.

Allah rəhmət eləsin.