Sona və Herve Pinelər ölkəmizə səfərdən zəngin təəssürat alıblar
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, turizm sahəsinin də intensiv inkişafı, tarixi və mədəniyyət abidələrinin bərpası, yeni istirahət zonalarının yaradılması, müasir standartlara cavab verən turizm məkanlarının sayının ildən-ilə artması ölkəmizə xarici qonaqların marağını ilbəil artırır.
Bu günlərdə şəhərimizin qonağı olan əslən Cənubi Azərbaycandan olan Sona Bəhramian Pine və onun fransız həyat yoldaşı Herve Pine ilə həmsöhbət olduq. Onlar 10 ildən çoxdur evlidirlər, Türkiyədə ali təhsil alan zaman tanış olublar. İşləri ilə əlaqədar olaraq dünyanın bir çox ölkələrini gəziblər. Amma Azərbaycan, onun təbiəti, mətbəxi, xüsusilə də insanları Sona və Herve Pinelərin yaddaşında dərin iz buraxıb.
Sona xanımın dediklərindən: «İşim elədir ki, yaşlı insanlarla daha çox ünsiyyətdə oluram. Onların fikirləri, nə düşündükləri mənim üçün çox maraqlıdır. Həyat yoldaşım mühəndis olduğundan tez-tez müxtəlif xarici ölkələrdə oluruq. Azərbaycanlıların ürəyimizdə xüsusi yeri var. Bu ölkə və onun insanları mənə çox doğmadır. Axı qanımız, soy-kökümüz, dinimiz birdir. Milli adət-ənənələrinizi, xüsusilə Novruz bayramını çox sevirəm».
Bu, Sona və Herve Pinelərin Bakıya ikinci gəlişidir. Dediklərinə görə, hər dəfə gələndə şəhərimizin daha da gözəlləşdiyinin şahidi olurlar: «Sanki heç zaman görmədiyimiz yeni bir məkana gəlmişik. Mən eyni zamanda həyat yoldaşıma bələdçilik edirəm. Bakıda bir çox yerlərdə, o cümlədən tarixi mədəniyyət obyektlərində, Qız qalasında, Şirvanşahlar sarayında, Muğam Mərkəzində olduq. Buraya hər səfərimiz yaddaşımızda dərin izlər buraxır. Bizi ən çox təsirləndirən isə insanlarınızın mehriban və yardımsevər olmasıdır. Burada olanda özümü sanki doğulub böyüdüyüm vətənimdəki kimi hiss edirəm».
Herve Pine də təəssüratlarını bizimlə bölüşür, təbii ki, Sona xanımın köməyi ilə: «Hava limanında təyyarədən düşən andan insan özünə qarşı bir istilik, doğmalıq hiss edir. Çox nadir hallarda ola bilər ki, səfər etdiyin ölkədə dilini, adət-ənənəsini bilmədiyin insanlara qarşı bu qədər yaxınlıq hiss edəsən içində. Azərbaycanlıların qonaqpərvərliyi, mehribanlığı onların xarakterləri ilə bir harmoniya təşkil edir. Şəhəriniz də günü-gündən gözəlləşir. Ötəndəfəki gəlişimizdə gördüyümüz Bakı ilə indiki Bakı arasında xeyli fərq var. Şəhəriniz daha da böyüyüb, gözəlləşib. Müasir tipli binaların sayı artıb. Köhnə Bakı, İçərişəhər daha çox xoşuma gəlir. Burada insan özünü sanki başqa bir aləmdə hiss edir. Bakının gözəlliyi onun qədimliyindədir. Məncə, bu gözəlliyi qoruyub saxlamaqla daha çox turist cəlb edə bilərsiniz».
Helve bir xarici turist kimi görmək istədiyi bəzi məqamlar haqqında fikirlərini də bildirdi: «Hotellərinizdə, yol kənarlarında Azərbaycanın turizm potensialını əks etdirən məlumatlara az rast gəldim. Bunların xüsusilə xarici dillərdə olması məqsədəuyğundur. Turizm sənayesində çalışan insanların bunu nəzərə alması yaxşı olardı».
Sona xanım Bakıda olduqları müddətdə onların təəccübünə səbəb olan bəzi nüanslardan da danışır: «Azərbaycanlıların çox maraqlı bir həyat tərzi var. O baxımdan ki, burada bir çox xalqların mədəniyyətləri qovuşur. Müxtəlif dinlərə və dillərə mənsub olan insanlar bir-biri ilə mehriban şəraitdə yaşayır. Bizim qaldığımız yerdə çinlilərin çox sərbəst şəkildə öz dillərində danışdığını gördüm. Qəribəsi o idi ki, onlara heç kəs fikir vermirdi. Belə olduqda qonaq da özünü sərbəst hiss edir. Bu, mənim çox xoşuma gəldi».
Maraqlıdır, Sona xanım və Herve evlərində hansı ölkənin mətbəxinə üstünlük verirlər? Sualımıza olduqca maraqlı cavab alırıq: «Həyat yoldaşım bizim mətbəxi çox sevir. Dostları, qohumları bizə qonaq gələndə həmişə xahiş edir ki, bizim yeməklərdən bişirim. Sonra isə böyük fəxrlə yeməklərimizi onlara təqdim edir. Mənim dostlarım gələndə isə o özü fransız mətbəxinin təamlarını bişirir. Amma evdə ikimiz olanda hər iki mətbəxin yeməklərindən istifadə edərək qarışıq bir şeylər hazırlayırıq. Herve plovu, çoban salatını xoşlayır. Burada olduğumuz müddətdə demək olar ki, hər gün bu yeməklər bizim süfrədə yer alır».
Həmsöhbətimiz bildirir ki, Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə Yaqub Məmmədovun xatirə gecəsində iştirak ediblər: «Xoşbəxt xalqsınız ki, belə möhtəşəm səsi olan sənətkarlara sahibsiniz. Muğamlarınız o qədər gözəldir ki, insan onlara qulaq asanda özünü ecazkar bir aləmdə hiss edir».
Söhbətimizin sonunda Sona xanım bildirdi ki, Azərbaycanlılar öz istiqanlılığı ilə onların ürəyində xüsusi yer tutur. Və hər dəfə turist kimi gəzmək imkanı əldə edəndə ilk seçdikləri məkan mütləq Azərbaycan olacaq.
Fəxriyyə