Aprelin 27-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Bakı nümayəndəliyinin mədəniyyət və təhsil attaşesi, fotoqraf Tevfik Ulualın “Qardaş ölkələr” adlı fotosərgisi keçirilib.

Sərgi ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunub. Sərginin təşkilatçısı Aygün İsgəndərova, layihə rəhbəri Elnurə İsgəndərovadır.

Sərgidə tarixi Zəfərlə başa çatan Vətən müharibəsi günlərinin simvolu olaraq 44 foto yer alıb.

Layihə rəhbəri Elnurə İsgəndərova sərgi barədə məlumat verib.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ölkələrimizin qardaşlığından, Qarabağ zəfərindən söhbət açıb, sərgini yüksək qiymətləndirib.

Sonra Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycandakı Növber Ferid Veçhi,  Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, sərgiyə dəstək veren Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin rəhbəri Sabir Həsənov çıxış ediblər.

Sonda çıxış edən Tevfik Ulual bildirib ki, 2008-ci ildən fotoqraflıqla məşğul olur. 2019-cu ildən etibarən isə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyində mədəniyyət və təhsil attaşesi olaraq fəaliyyətə başlayıb. “Mədəni sənət paylaşımlarının ölkələrimiz arasında qardaşlıq bağlantısını daha da artıracağını düşünürəm” deyən Tevfik Ulual  təşkilatçılara təşəkkürünü bildirib.