Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “İnklüziv teatr” layihəsinin üzvləri ilə məşqlərə start verilib. Eşitmə və danışma məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə həyata keçirilən layihənin məşqlərinə simvolik olaraq  işarət dili ilə səssiz alqışlarla başlanılıb.

Layihənin rəhbəri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Teatrın yaradıcılıq studiyasının bədii rəhbəri, Xalq artisti Şəfiqə Məmmədova studiyanın tərkibində fəaliyyət göstərəcək qrupun iştirakçılarına uğurlar arzulayıb, öz tövsiyələrini verib.

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova və Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin  məsləhətçisi Araz Bağırlı layihə haqqında fikirlərini bildiriblər. Nazirlik tərəfindən hər zaman belə layihələrin dəstəkləndiyi xüsusi vurğulanıb.

Azərbaycanda ilk dəfə eşitmə və danışma məhdudiyyətli insanların teatrının yaradılması təşəbbüsünün reallaşmasına görə Akademik Musiqili Teatrın rəhbərliyinə təşəkkür ifadə olunub.

Qeyd edək ki, layihənin baş prodüseri Akademik Musiqili Teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovdur. Fiziki məhdudiyyətli bu şəxslərin səhnəyə hazırlanmasında tanınmış aktyor, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov çalışacaqlar. 

Layihədə işarət dilindən xüsusi təlim almış Akademik Musiqili Teatrın könüllüləri də iştirak edəcəklər. Teatrın əməkdaşı Aludə Şəkərovanın rəhbərliyi ilə könüllü gənclər layihə boyunca “İnkliziv teatr”ın üzvlərinə kömək edəcəklər.

“İnklüziv teatr” layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə və həftənin 2 günü isə teatrda, məhdud heyətdə, pandemiya ilə bağlı qaydalara ciddi əməl  olunmaqla  aparılacaq.

LALƏ