29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə Ukraynada yaşayan soydaşımız,  tanınmış rəqqas Nicat Mirzəyevin rəhbəri olduğu "Qafqaz" rəqs ansamblı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri  Fuad Hüseynzadə tərəfindən Fəxri fərmanla təltif olunub. Kollektiv 10 il ərzində Azərbaycan mədəniyyətini Ukraynada aktiv təbliğ etdiyinə görə mükafatlandırılıb.

Qeyd edək ki, "Qafqaz" rəqs ansamblı Ukraynada Qafqaz folklorunun, o cümlədən Azərbaycan folkloru və mədəniyyətinin əsas təbliğatçılarındandır. Məhz bu əməyinə görə "Qafqaz" rəqs ansamblı 2018-ci ildə Ukrayna Mədəniyyət Nazirliyi tərəfindən “xalq kollektivi ansamblı” adına layiq görülüb.

Nicat Mirzəyev Ağcabədi rayonunda anadan olub. 24 ildir Ukraynada yaşayır. O, 2006-cı ildə Qafqaz Rəqsləri məktəbini yaradaraq peşəkar şəkildə Ukraynada rəqs dərslərini tədris edir. Məktəbdə ukraynalılar, azərbaycanlılar, dağıstanlılar, çeçenlər, osetinlər, qaraçay-çərkəzlər, türkmənlər, yəhudilər və başqa xalqların nümayəndələri rəqs dərsləri alır. Nicat Mirzəyev 2011-ci ildə "Qafqaz" rəqs ansamblını yaradaraq Ukrayna dövlətinin, eləcə də Azərbaycanın Ukraynadakı səfirliyinin tədbirlərində də çıxış edir, həmçinin xarici ölkələrə qastrol səfərlərinə çıxır. Ansambl Ukraynada Qafqaz rəqslərinin bütün növlərini təbliğ edən yeganə kollektivdir. Bu ansambl sayəsində bir çox insanlar Azərbaycanın mədəni irsinin, folklorunun gözəlliyini, ümumilikdə Qafqaz rəqslərini tanıyıblar. "Qafqaz" rəqs ansamblı qocalar evlərində və uşaq evlərində də xeyriyyə konsertləri keçirir.