Moskvada mədəniyyət və incəsənət işçilərinə dövlət mükafatlarının verilməsi mərasimi keçirilib. Təltif olunanlar arasında Moskva Akademik Satira Teatrının direktoru, soydaşımız Məmmədəli Ağayev də var.

Böyük Teatrın Bethoven zalında keçirilən mərasimdə çıxış edən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova mədəniyyət işçilərini təbrik edib. Bildirib ki, Rusiya mədəniyyətinin zəngin tarixi irsinin qorunub saxlanmasına və inkişafına böyük töhfə verən mədəniyyət və incəsənət işçiləri, yaradıcılıq birliklərinin nümayəndələri – ümumilikdə 42 nəfər yüksək mükafatlara və fəxri adlara layiq görülüb.

Sonra mükafatlar təqdim olunub. Həmyerlimiz, Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevə mədəniyyət sahəsində xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Rusiya Federasiyası Prezidentinin Fəxri fərmanı təqdim edilib.

Məmmədəli Hüseyn oğlu Ağayev 1952-ci il sentyabrın 3-də Naxçıvanın Qaraxanbəyli kəndində doğulub. 1970-1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-1979-cu illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş inzibatçı işləyib. 1979-1981-ci illərdə Moskva Akademik Satira Teatrında rəhbər-inzibatçı kimi təcrübə keçib.

Sonra bu teatrda baş inzibatçı, direktorun müavini, sərəncamçı direktor işləyib. 1992-ci ildən Akademik Satira Teatrının direktorudur. Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisidir. 2013-cü ildə Rusiya Federasiyasının “Dostluq” ordeni, 2017-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Rusiya və Azəbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib.