“Sənsiz” bədii qiraət müsabiqəsi
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Sənsiz” bədii qiraət müsabiqəsi keçirilir. Aprelin 29-da Teatr Xadimləri İttifaqında müsabiqə iştirakçılarının çıxışları dinlənilib.
Əvvəlcə Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır. Müsabiqə iştirakçıları üçün yaş məhdudiyyəti qoyulmayıb.
Bildirilib ki, müsabiqə ilə bağlı ümumilikdə 60-a yaxın müraciət olub. Onlardan 18 nəfər seçilərək müsabiqənin dinləmə mərhələsinə buraxılıb.
Sonra seçilən bədii qiraət nümunələri təqdim olunub. Çıxışları Xalq artisti Ramiz Fətəliyev, Əməkdar incəsənət xadimi Bəhram Osmanov və başqaları qiymətləndirib.
Münsiflər tərəfindən qalib elan olunacaq iştirakçılar aprelin 30-da mükafatlandırılacaq.