Azərbaycanın sədrlik etdiyi UNESCO yanında Qoşulmama Hərəkatı qrupunun “Beynəlxalq Multilateralizm və Sülh Diplomatiyası Günü”nə (24 aprel) həsr edilmiş tədbiri keçirilib. Tədbir Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil olunub.

UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində ölkəmizin həyata keçirdiyi fəaliyyətdən söz açıb, Azərbaycanın təşəbbüsü ilə COVİD-19 pandemiyasına qarşı birgə mübarizə məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının  çağırılması, pandemiya ilə mübarizədə ölkəmizin töhfələrindən danışıb. Bildirib ki, üzv dövlətlər arasında multilateralizm (xarici iqtisadi əlaqələrdə hər bir ölkənin bütün tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə etmək imkanı) və inklüziv əməkdaşlıq UNESCO-nun prioritetlərinin reallaşdırılmasında əsas amillərdir. Plüralizm, tolerantlıq, dialoq, eləcə də dini və mədəni müxtəlifliklər arasında anlaşma sülh və harmoniya üçün vacibdir.

Qeyd edilib ki, mədəniyyətlərarası dialoq və multikulturalizm ölkəmizin siyasi prioritetidir və onların qətiyyətli müdafiəçisi kimi Azərbaycan bu sahədəki zəngin təcrübəsini dünyanın digər ölkələri ilə bölüşməyə hazırdır.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” bu gün mədəniyyətlərarası dialoqun təşviqi sahəsində beynəlxalq platformaya çevrilib. Bu proses çərçivəsində Azərbaycanda iki ildən bir UNESCO-nun da tərəfdaşı olduğu Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Səfir “Bakı Prosesi”nin məqsədləri haqqında məlumat verərək, Luanda Biennalesi (Afrika ölkələri forumu) ilə “Bakı Prosesi” platformaları arasında əməkdaşlıq yaradılmasının vacibliyinə toxunub. Vurğulayıb ki, bu zəmində sivilizasiyalar və mədəniyyətlər arasında daha güclü dialoq yarana bilər.

Bildirilib ki, ölkəmiz UNESCO-nun Afrika Prioriteti siyasətini dəstəkləyir və töhfə verməyə hazırdır. Azərbaycan-UNESCO çərçivə sazişinə uyğun olaraq, ölkəmiz müxtəlif sahələrdə, xüsusilə də Afrikada qızların təhsili, gender bərabərliyi və təhsildə bərabərik sahələrində bir sıra layihələri maliyyələşdirib.