Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 29-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları təşkil edilib.

İmtahanlar Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində, həmçinin Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər (ümumilikdə 12818 nəfər) üçün keçirilib.

Aprelin 30-da paytaxtın Xətai, Sabunçu, Nəsimi, Pirallahı rayonları, həmçinin Yevlax şəhəri, Samux, Daşkəsən, Tovuz, Gədəbəy, Qəbələ, Yardımlı, Kürdəmir, İmişli, Şabran, Biləsuvar rayonları üzrə buraxılış imtahanları keçiriləcək. İmtahanlarda 17707 şagirdin iştirakı nəzərdə tutulur. Bununla da ölkə üzrə tam 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanları başa çatacaq.

Xatırladaq ki, bundan öncə imtahanlar ayrı-ayrı şəhər və rayonlarda 15-16 aprel və 22-23 aprel tarixlərində keçirilmişdi.

Onu da qeyd edək ki, 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanları eyni zamanda ali məktəblərə qəbul prosesinin birinci mərhələsi sayılır. İkinci mərhələdə abituriyentlər müvafiq fənn blokları (I -IV qruplar) üzrə imtahan verəcəklər.