Ölkəmizin zəngin ənənələri olan caz sənətinin gənc simaları müxtəlif müsabiqə və festivallarda özlərini təsdiq edirlər. Belə istedadlı gənclərdən biri də Nərmin Məmmədlidir.
O, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət gimnaziyasını bitirib. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində estrada və caz ifaçılığı üzrə təhsil alıb. 2016 və 2017-ci illərdə Bakıda təşkil edilən beynəlxalq caz festivallarının iştirakçısı olub. 2018-ci ildə ölkəmizi Latviyada keçirilən məşhur “Riga Jazz Stage” müsabiqəsində təmsil edib. Gənc həmkarları ilə 2018-ci ildə Heydər Əliyev Sarayında təşkil olunan “jAzzeri Bands and Art” adlı konsert proqramında çıxış edib.
Nərmin Məmmədli 2020-ci ilin dekabr ayında ABŞ-ın caz əfsanələrindən olan saksofon ifaçısı və bəstəkar Çarli (Charlie) Parkerin xatirəsinə həsr olunan və caz musiqisinə dair paylaşımları ilə məşhur olan “Jazzmemes”, “İnstagram” səhifəsinin birgə təşəbbüsü ilə reallaşan “BirdboxChallenge” onlayn müsabiqəsinə qatılıb. O, Ç.Parkerin “Donna Lee” instrumental əsərini gözübağlı şəkildə (əsas şərtlərdən biri nota baxmamaq olub), “scat vokal” texnikası ilə ifa edərək müsabiqənin 3 qalibindən biri olub və hədiyyələrə layiq görülüb.