Musiqi məktəblərinin əsas fəaliyyət istiqaməti uşaqların musiqi istedadını aşkara çıxarmaq, onların öz potensialını reallaşdırmaları üçün şərait yaratmaqdan ibarətdir. Bu işdə məktəblərin rəhbər heyətinin üzərinə böyük məsuliyyət düşür.
Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbi paytaxtımızın öndə gedən bədii təhsil ocaqlarındandır. Otuz beş ildir məktəbə Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva rəhbərlik edir. Aprel ayının 11-də Qəmər xanımın 75 yaşı tamam oldu. O, pedaqoji fəaliyyətinə də gənc yaşlarında məhz bu musiqi məktəbində nəzəriyyə müəllimi kimi başlayıb.
Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm xidmətləri olan əsl ziyalı, istedadlı musiqiçi Qəmər Quliyevanın zəngin tərcümeyi-halını bir kitab kimi vərəqlədikcə maraqlı faktlarla tanış oluruq. Onun da həyat yolu yüksəlişlər, çətinliklər və ağır sınaqlardan xali deyil. Lakin o, bütün bu çətinlikləri, maneələri böyük dözüm və möhkəm iradəsinin hesabına aradan qaldırmağı bacarıb. Bütün fəaliyyəti boyu istedadlı və peşəkar kadrları öz ətrafında cəmləşdirib.
Onun simasında həm bacarıqlı rəhbər işçi, həm də yaradıcı insan şəxsiyyəti birləşir. Təhsil ocağına rəhbərlik etdiyi müddətdə məktəb daim istedadlı uşaqların, yaradıcı insanların üzünə açıq olub.
İndiyədək Qəmər xanımla müxtəlif tədbirlərdə görüşüb həmsöhbət olmuşduq. Bu günlərdə onun 75 yaşının tamam olduğunu eşidərək bir daha görüşməyi qərarlaşdırdıq. Budəfəki görüşümüzdə ilk musiqi məktəblərindən sayılan bu təhsil ocağının yeni inkişaf dövrünü yaşadığına şahid olduq.
Qəmər Quliyeva 1946-cı ildə Nyu-York şəhərində anadan olub. Atası Rəsul Quliyev (1906-1963) tanınmış mühəndis idi. O, ötən əsrin 40-cı illərinin əvvəllərində “Stalinneft” idarəsinin rəhbəri idi və 1943-cü ildə sovet hökuməti tərəfindən ABŞ-a uzunmüddətli ezamiyyətə göndərilmişdi. Müəllim olan anası Leyla Quliyeva (1913-1956) ictimai və maarifçilik fəaliyyətinə görə 1935-ci ildə “Şərəf Ordeni” ilə təltif olunmuşdu.
Qəmər xanım uşaq yaşlarından musiqiyə böyük maraq göstərib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onbirillik musiqi məktəbini bitirdikdən sonra konservatoriyanın Nəzəriyyə fakültəsinə daxil olub. Hələ təhsil aldığı dövrdə, 1964-cü ildə 2 nömrəli Musiqi məktəbində pedaqoji fəaliyyətə başlayıb. Ali təhsilini başa vurduqdan sonra, 1969-1978-ci illərdə Mədəniyyət Nazirliyinin Kadrlar və təhsil şöbəsində tədris müəssisələri üzrə baş inspektor vəzifəsində çalışıb. Eyni zamanda həmin musiqi məktəbində əvəzçi müəllim kimi pedaqoji fəaliyyətini davam etdirib.
1986-cı ildə 2 nömrəli Musiqi məktəbinə direktor təyin edilib. Onun bu məktəbə rəhbər təyin olunması təsadüfi deyildi. Çünki nazirlikdə çalışdığı illərdə öz təşkilatçılıq bacarığı ilə tanınmışdı. O, səmərəli fəaliyyətinə görə 1991-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
1990-cı ildə məktəbə dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun adı verilib. Hər il bu böyük sənətkarın doğum və anım günləri həm məktəbdə, həm də Dövlət Mahnı Teatrında qeyd edilir. Ötən illərdə məktəbdə Tofiq Quliyev, Arif Məlikov, Vasif Adıgözəlov, Rafiq Babayev, Fidan və Xuraman Qasımovalar, Alim Qasımov və başqa görkəmli sənətkarlarla görüşlər təşkil edilib.
Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Dövlət Simfonik Orkestrinin müşayiəti ilə məktəbin şagirdlərinin çıxışları olub və maraqla qarşılanıb.
Qəmər xanımla söhbətimizdən məlum oldu ki, pandemiya dövründə məktəbin şagirdləri Rusiya, Qazaxıstan, İtaliya, İngiltərə və s. ölkələrdə bir sıra beynəlxalq onlayn festival və müsabiqələrə qatılaraq diplom və fəxri fərmanlarla mükafatlandırılıblar. Həmçinin şagirdlərin müəllim və konsertmeysterləri, məktəbin özü müxtəlif təltiflərə layiq görülüb.
Musiqi məktəbinin tanınmış məzunları çoxdur. Onlardan Əməkdar artistlər – xanəndə Fərqanə Qasımova, kamança ifaçısı Elnur Əhmədov, eləcə də müğənni Zaur Əmiraslanov, “Eurovision” mahnı yarışmalarında ölkəmizi uğurla təmsil etmiş Aysel Teymurzadə, Eldar Qasımov, Səfurə Əlizadə, Fərid Məmmədov və uşaq “Eurovision” müsabiqəsinin iştirakçısı Rüstəm Kərimovun adlarını çəkə bilərik. Məktəbin bir neçə şagirdi Prezident təqaüdünə layiq görülüb.
Həmsöhbətimizin insanlara və sənətinə olan sevgisi bəlkə də onun uğurlarının açarıdır. Bu sevgi ona uzunmüddətli əmək fəaliyyətində həmişə dəstək olub. Fədakarlığı, humanistliyi də elə bu sevgidən qaynaqlanır. Həmkarları həmişə qeyd edirlər ki, məktəbin tədbirlərində, konsertlərdə o, ssenaridən tutmuş bütün digər işlərə qədər hər şeyi özü nəzarətdə saxlayır.
Qəmər xanım deyir ki, məktəb onun ikinci evi, kollektiv isə ikinci ailəsidir. İnsanları daim bir yerə toplamaq, birləşdirmək onun həmişə həyat məqsədi olub. Məktəbin şagirdlərdən ibarət xor kollektivi, xalq çalğı alətləri, skripkaçılar ansamblı məhz onun təşkilatçılığı ilə ərsəyə gəlib: “Məktəbdə ansambl, kollektiv yaratmaq çətin işdir. Çünki müxtəlif səbəblərdən şagirdləri bir araya gətirmək asanlıqla başa gəlmir. Məncə, məktəbdəki tədrisin keyfiyyəti burada özünü daha açıq göstərə bilir. Əgər məktəb müxtəlif alətlərdə mükəmməl ifa edə bilən şagirdlərini bir yerə cəmləşdirə bilirsə, demək, orada yüksək təhsil mövcuddur”.
Müsahibimiz məktəbin fəaliyyətində diqqətçəkən bir məqamı da qeyd etməyi unutmadı: “Bizim məktəb uzun illər fortepiano məktəbi kimi tanınmışdır. Son onillikdə isə məktəbimizdə yüksək uğurlar qazanan ifaçılar sırasına xalq çalğı alətlərində gözəl ifa edən şagirdlərimizin də adlarının əlavə olunması bizi çox sevindirir”.
Yeri gəlmişkən, bir məqamı da vurğulamaq istərdik. Üzeyir Hacıbəylinin təşəbbüsü və Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə 1931-ci ildə yaradılmış bu məktəbin oktyabr ayında 90 illiyi tamam olur. 2 nömrəli Musiqi məktəbi, ötən yubileylərdə olduğu kimi, bu yubileyə də böyük məsuliyyətlə hazırlaşır. Öz zəngin və şərəfli tarixi ilə fərqlənən musiqi ocağını qarşıda yeni nailiyyətlər gözləyir.
Qəmər xanım daim yaradıcılıq qayğıları ilə yaşayan insanlardandır. Ömrünün 75-ci baharında mədəniyyətimizin təbliği sahəsində böyük işlər görməyə çalışan bu nikbin və həyatsevər insanın ömür və həyat yolu gənc nəsillər üçün örnəkdir.
L.AZƏRİ