Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyası “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik” adlı beynəlxalq müsabiqə elan edib.

BMA-nın məktəb-studiyasının 40 illik yubileyinə həsr olunan müsabiqə 15-30 iyun 2021-ci il tarixində gerçəkləşəcək. Müsabiqə iştirakçılarının çıxışları onların təqdim etdikləri videoyazı əsasında qiymətləndiriləcək.

Müsabiqənin şərtlərinə əsasən, musiqi ədəbiyyatı fənnindən tədris olunan mövzulardan hər hansı biri təqdim ediləcək. Məruzə instrumental musiqinin fraqmentlərini fortepianoda (və ya digər musiqi alətində) ifa etmək və ya vokal musiqini öz müşayiəti ilə oxumaqla təsvir olunmalıdır.

Müsabiqə üç yaş qrupu (9-12, 13-15, 16-20) üzrə keçiriləcək. Bundan əvvəl keçirilən akademik, caz və xalq musiqisi ifaçılığına həsr olunmuş müsabiqədə olduğu kimi, bu müsabiqənin də metodik əhəmiyyəti ilk öncə musiqi fənlərinin inteqrallaşdırılması (birləşməsi), yəni nəzəri (musiqi ədəbiyyatı, solfecio, Azərbaycan xalq yaradıcılığı) və ifaçılıq musiqi fənləri arasında qarşılıqlı əlaqələrin tətbiq edilməsidir.

Müsabiqə layihəsinin müəllifi məktəb-studiyanın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov, təşkilat komitəsi və münsiflər heyətinin sədri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylidir.

Ətraflı məlumatı BMA-nın saytında əldə etmək olar: http://musicacademy.edu.az

Müsabiqəyə sənədlərin qəbulu 30 may tarixinədək aparılacaq.