Tbilisi şəhəri 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günündə UNESCO-nun “Dünya kitab paytaxtı” (World Book Capital) elan edilib. Gürcüstan paytaxtı bu estafeti Malayziyanın Kuala-Lumpur şəhərindən qəbul edib. “Dünya kitab paytaxtı”nın simvolik açarını Tbilisi meri Kaxa Kaladze təhvil alıb. 

Qeyd edək ki, UNESCO-nun “Dünya kitab paytaxtı” layihəsinə 2001-ci ildə start verilib. Layihə çərçivəsində ilk olaraq Madrid (İspaniya) UNESCO-nun “Dünya kitab paytaxtı” seçilib. Daha sonra Misirin İsgəndəriyyə (2002), Hindistanın Nyu-Delhi (2003), Belçikanın Antverpen (2004), Kanadanın Toronto (2005), İtaliyanın Turin (2006) və başqa şəhərlər bu missiyanı daşıyıb.

Ötən il Malayziyanın paytaxtında olduğu kimi, bu il Tbilisidə də “Dünya kitab paytaxtı” tədbirləri pandemiyanın kölgəsində, məhdud çərçivədə gerçəkləşəcək.

2022-ci ildə “Dünya kitab paytaxtı” estafetini Meksikanın Qvadalaxara şəhəri qəbul edəcək.

CAVİD