Festivalda mədəniyyətimiz təqdim olunub

Rusiya Federasiyasının şimal ucqarındakı  ən böyük şəhəri olan Murmanskda “Şimalda dostluq etmək” devizi ilə milli mədəniyyətlər festivalı keçirilib. Tədbir Murmansk Vilayəti Daxili Siyasət Nazirliyinin dəstəyi ilə “Murmansk Vilayətinin Yerli Azsaylı Şimal Xalqları və Millətlərarası Əməkdaşlıq Mərkəzi” tərəfindən təşkil edilib.

Vilayətin daxili siyasət nazirinin birinci müavini Andrey Saxarov Murmansk Dostluq Evində gerçəkləşən festivalın iştirakçılarına müraciətində bu cür tədbirlərin millətlərarası və dinlərarası harmoniya üçün əhəmiyyətini qeyd edib.

Festivala vilayətdə yaşayan iyirmidən çox millətin nümayəndələri qatılıb. Onlar teatr tamaşaları, vokal və rəqs nömrələri ilə çıxış ediblər.

Murmanskdakı “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının mətbuat katibi, Rusiya Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürovun bildirdiyinə görə, tamaşaçılar Azərbaycan, özbək, yəhudi və başqa xalqların rəqslərindən zövq alıblar. Festivalın ən maraqlı məqamı azərbaycanlılar da daxil olmaqla Murmansk vilayətinin milli və mədəni birlikləri nümayəndələrinin qalereyası olan “Dostluq Evinin üzləri” adlı fotosərgi olub.