Azərbaycan bu layihənin həyata keçirilməsində başlıca rol oynayacaq
   
   GUAM ölkələrinin turizm üzrə İşçi Qrupunun iyunun 25-də Bakıda keçirilən 5-ci toplantısı maraqlı müzakirələr və qərarla yadda qaldı. Toplantıda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Teymur Mehdiyev, turizm şöbəsinin müdiri Aydın İsmiyev, GUAM-ın baş katibi Valeri Çeçelaşvili, Gürcüstan və Moldovanın rəsmi turizm qurumlarının nümayəndələri, Ukrayna və Yaponiyanın Azərbaycandakı səfirliklərinin əməkdaşları iştirak edirdi.
   
   İclası giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev GUAM ölkələrinin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini vurğulayaraq toplantının GUAM çərçivəsində yeni layihəyə - turizm sahəsində Yaponiya ilə əməkdaşlığa həsr olunduğunu nəzərə çatdırdı: “Yaponiya turizmi dünyanın ən cəlbedici turizm bazarlarından biri hesab olunur. Məqsədimiz odur ki, Yaponiya ilə turizm sahəsində xüsusi proqramlar təşkil olunsun. Proqram çərçivəsində turist təşkilatlarını müəyyənləşdirməyə və onlar haqqında qərar qəbul etməyə çalışacağıq”.
   Nazir onu da bildirdi ki, Yaponiyadan sonra Koreya, Sinqapur və digər ölkələrin bu bazara daxil olması üçün imkanlar yaranacaq.
   Ə.Qarayev Azərbaycanın turizm imkanları, ölkəmizdə bu sahənin inkişaf etdirilməsi məqsədilə son illər görülən işlərlə bağlı toplantı iştirakçılarına ətraflı məlumat verdi: «Bu yaxınlarda prezident tərəfindən «2010-2014-cü illərdə turizmin inkişafına dair» Dövlət Proqramı imzalandı. Sənəddə turizmin bütün növləri - mədəni, ekoloji, idman və turizmin başqa istiqamətləri göstərilib. Bu, dövlətin vahid turizm siyasətinin təşkilidir. Proqram gerçəkləşəndən sonra artıq konkret zonalar, istiqamətlər üzrə turizm yeni simada özünü göstərəcək».
   Nazir bildirdi ki, Azərbaycanda beynəlxalq hotellər şəbəkəsinə daxil olan hotellər tikilir. «Hyatt Regencu», «Park İnn» neçə illərdir ki, ölkəmizdə fəaliyyət göstərir, «Hilton», «Şeraton», «Mariot» hotellərinin tikintisi davam edir». Dünyanın ən nəhəng hotellər şəbəkəsinin Azərbaycanda fəaliyyəti ölkəmizin turizm bazarının cəlbediciliyini göstərir.
   Ə.Qarayev qeyd etdi ki, ölkənin turizm sənayesinin üzləşdiyi problemlərdən biri turizm xidmətlərinin səviyyəsinin artırılmasıdır: «Bu məsələnin həlli Dövlət Proqramında da əksini tapıb. 4 il əvvəl Azərbaycanda turizm təhsili verən yeganə ali təhsil ocağı - Turizm İnstitutu yaradıldı. Bu yaxınlarda institutun ilk məzun buraxılışı olacaq».
   Nazir Azərbaycanın turizm üzrə inkişaf etmiş bütün ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu və bu əlaqələrin GUAM ölkələri ilə də davamlı olmasının zəruriliyini bildirdi.
   Gürcüstanın İqtisadi İnkişaf Nazirliyinin Turizm və kurortlar departamentinin rəhbəri Zaal Abazadze bildirdi ki, təmsil etdiyi ölkə GUAM-la bütün sahələrdə, o cümlədən turizm üzrə geniş əməkdaşlıq etmək niyyətindədir. Bu səbəbdən də Gürcüstan tərəfi yapon turistlərin regiona cəlb edilməsi məqsədilə reallaşdırılan layihənin həyata keçməsi üçün əlindən gələni etməyə hazırdır.
   Moldovanın Turizm üzrə Agentliyinin baş direktoru Lyudmila Dumitraşın sözlərinə görə, yapon turistləri GUAM ölkələrini turizm baxımından özləri üçün əlverişli hesab edirlər: «Buna görə də Moldova da öz növbəsində bu layihənin reallaşdırılması üçün töhfələrini verməyə hazırdır».
   Ukraynanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dmitri Bojok, GUAM-ın baş katibi Valeri Çeçelaşvili də çıxışlarında qurum üzvü olan ölkələrin təkcə yapon turistləri ilə bağlı deyil, eyni zamanda, dünyanın bütün ölkələrindən insanların cəlb edilməsi məqsədilə müxtəlif layihələrin reallaşdırılmasında əməkdaşlığı arzuladıqlarını bildirdilər.
   Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki bildirdi ki, Azərbaycanla Yaponiya arasında turizm əlaqələri hələ 2007-ci ildən inkişaf etməyə başlayıb. 2009-cu ildən GUAM çərçivəsində belə bir layihənin gerçəkləşdirilməsi isə əlaqələri daha da sıxlaşdırıb: «2010-cu il fevralın 10-13-də Gürcüstana, 13-15-də Azərbaycana, martda isə Ukrayna və Moldovaya infotur keçirilib. İnfoturun keçirilməsində məqsəd GUAM-a üzv ölkələrin turizm şirkətlərinin Azərbaycan və Gürcüstanın turizm potensialı, marşrutlar və mövcud şəraitlə yaxından tanış olmaları idi. Yaponiyanın turizm yetkililəri GUAM ölkələrini turizm baxımından özləri üçün əlverişli hesab edirlər. Yapon turistlərini dəniz, istirahət, dincəlmək elə də maraqlandırmır. Onlar daha çox gəzmək, tarixi abidələr, səfalı yerlərlə tanış olmaq istəyirlər». Səfir bildirdi ki, hər il 20 milyondan artıq yapon turisti dünyanın müxtəlif ölkələrinə səyahət edir: «Onlar daim yeni məkanlar, gəzməli-görməli yerlər axtarışındadır. Ona görə də inanıram ki, bu layihə bizim turistləri çox maraqlandıracaq».
   Toplantı zamanı Yaponiya ilə birgə GUAM vahid turizm məhsulunun yaradılması, GUAM turizm portalının yaradılması, turizm sahəsində əməkdaşlığın inkişafına dair məsələlər, birgə turizm məhsulunun həyata keçirilməsi üzrə yol xəritəsinin və GUAM bələdçi kitabçasının yaradılması və digər məsələlər müzakirə edildi.
   Sonda toplantının yekunlarına dair «Bakı bəyannaməsi» və GUAM-Yaponiya vahid turizm məhsulunun yaradılması üzrə fəaliyyət planı tədbir iştirakçıları tərəfindən təsdiq edildi. GUAM-ın növbəti toplantısının 2010-cu ilin noyabrında Kiyevdə keçirilməsi haqda razılığa gəlindi.
   
   Fəxriyyə Abdullayeva