Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların lisenziyalaşdırma prosesi davam edir. Bu günlərdə daha üç hotelə lisenziya verilib. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
   
   Nazirin sözlərinə görə, qanunvericiliyə uyğun olaraq lisenziyalaşdırma məcburidir: “Artıq 70-ə qədər hotel ulduz dərəcəsini müəyyənləşdirərək əldə edib. Bu qaydalara və tələblərə riayət edə bilməyən hotellər öz imkanlarına yaxşı bələd olduqları üçün bizə müraciət etmirlər. Ötən il 40-a qədər hotel lisenziyasız fəaliyyət göstərdiyi üçün qapadılıb”.
   Ə.Qarayev qeyd edib ki, işini düzgün qurmayan, hansısa başqa amillər üzərində fəaliyyət göstərmək niyyətində olan və xidmətləri düzgün təqdim etməyən şirkətlər də var: «Sözsüz ki, biz onlara nəzarət edirik. Əsas vəzifəmiz insanların bu şirkətlərin qurbanlarına çevrilməsinin qarşısını almaqdır. Biz istərdik ki, sanitariya normalarına ciddi riayət olunsun, xidmətlərin müxtəlifliyi və peşəkarlıq səviyyəsi gözlənilsin. İmkan vermərik ki, vətəndaşlarımız turizm şirkətlərinə pul ödəyib, sonra da nə səyahətə çıxa, nə də pullarını geri ala bilsinlər”.