Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi hotellər haqqında ətraflı məlumat yerləşdiriləcək vahid veb-sayt hazırlayıb. Türkiyə mətbuatının yazdığına görə, nazirliyin www.kulturturizm.gov.tr veb-saytında Türkiyənin lisenziya almış hotel və kurortları barədə ətraflı məlumat, o cümlədən onların rəsmi adları, yerləşdiyi yer, növü və kateqoriyası yerləşdiriləcək.
   
   Bu növ məlumatın veb-saytda yerləşdirilməsi turistlərə mehmanxana seçimində yardım edəcək. Belə ki, turistlər sözügedən veb-sayt vasitəsilə hər hansı hotel, o cümlədən mehmanxananın lazımi icazəsinin və lisenziyasının olub-olmaması, rəsmi statusu və kateqoriyası barədə ətraflı məlumat ala biləcəklər. Qeyd edək ki, Türkiyədə hotellər tərəfindən alınan lisenziyalar müddətsiz və daimi deyil. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi mehmanxanalar arasında mütəmadi olaraq yoxlamalar aparır və hər hansı neqativ hal üzə çıxdıqda, həmin hotelin lisenziyası geri alınır.