Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadılıb.
İttifaqdan bildirilib ki, müsabiqə fevralın 1-dən aprelin 30-dək elan edilmişdi. Ötən müddətdə kifayət qədər ssenari daxil olub, amma qurumun İdarə heyətinin qərarı ilə, ölkədə davam edən pandemiya şəraiti, həmçinin ölkəmizin müxtəlif bölgələrindən ssenari yazmaq istəyən və ya hələ ssenarisini tamamlaya bilməyən şəxslər tərəfindən daxil olan xahiş zəngləri nəzərə alınaraq, müsabiqənin vaxtı bir ay – may ayının 31-nə qədər uzadılıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təyin etdiyi peşəkar münsiflər heyəti müvafiq qiymətləndirmədən sonra dörd ssenarini seçəcək. Seçilən ssenarilər ekranlaşdırılmaqla yanaşı, pul mükafatı və diplomla təltif olunacaq. Ən yaxşı bədii film ssenarisinə 5000, ən yaxşı sənədli film ssenarisinə 3500, ən yaxşı qısametrajlı film ssenarisinə 3000, ən yaxşı animasiya film ssenarisinə 2000 manat pul mükafatı təqdim olunacaq.
Ssenarilər mayın 31-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməli və ya şəxsən təqdim edilməlidir.
Müsabiqə qaydaları ilə tanış olmaq istəyənlər qurumun arki.az saytına daxil olaraq məlumat ala bilərlər.