Tatarıstanın paytaxtı Kazanda 13 may – 2 iyun tarixlərində keçiriləcək Rudolf Nureyev adına 36-cı Beynəlxalq klassik balet festivalında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunacaq.
Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində reallaşacaq festival Rusiyanın Əməkdar incəsənət xadimi, həmvətənimiz Eldar Əliyevin xoreoqrafik quruluşunda Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok) “Min bir gecə” tamaşası ilə açılacaq. Balet 13 və 14 may tarixlərində göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.
Eldar Əliyevin quruluşunda “Min bir gecə” baletinin premyerası 2020-ci ilin avqustunda olub.
Dünyaca məşhur balet artistləri, xoreoqraf və dirijorları bir araya gətirən Rudolf Nureyev adına festival 1987-ci ildən keçirilir.