Şuşa qədim mədəniyyət mərkəzi olaraq, xalqımızın mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, musiqisinə dəyərli töhfələr verib, böyük şəxsiyyətlər yetişdirib. Şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. 1748-ci ildə Bayat, 1751-1752-ci illərdə salınmış Şahbulaq qalalarının etibarlı olmadığını görən Pənahəli xan coğrafi baxımdan möhkəm və keçilməz yerdə qala tikdirmək qərarına gəlib.

Xanlığın mərkəzi hələ Şahbulaq qalasında olarkən dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən əlçatmaz dağ yaylasında yeni şəhər-qalanın tikinti işlərinə başlanılıb. Əhalinin təhlükəsizliyi üçün zəruri işlər görüldükdən sonra 1756-1757-ci illərdə Pənahəli xan Qarabağ xanlığının paytaxtını Şahbulaq qalasından yeni salınmış şəhər-qalaya köçürüb.

Bu şəhər ilk dövrlərdə öz banisinin adı ilə Pənahabad, onun ölümündən sonra isə yerləşdiyi relyefə uyğun olaraq Şuşa adlandırılıb. Üç tərəfdən sıldırım qayalar, dördüncü tərəfdən isə möhkəm qala divarları ilə əhatə olunmuş şəhər uzun müddət alınmaz qala kimi şöhrət qazanıb. Uzunluğu 6000 metr olan qala divarlarının hündürlüyü 4 metrdən 12 metrə qədər dəyişir. Hazırda qala divarlarının 4640 metri qismən salamat qalıb. Qalan hissələrin isə yalnız bünövrəsi torpaq altında müşahidə olunur.

Qarabağ xanlığının mərkəzi kimi inkişafa başlayan Şuşa şəhərində bir-birindən gözəl memarlıq abidələri ilə seçilən 17 məhəllə formalaşıb. Hər məhəllənin öz məscidi, mədrəsəsi, bulağı, hamamı və digər zəruri infrastrukturu olub. Şuşanın imkanlı şəxsləri tərəfindən sonralar tarixi abidə kimi elə tarixdə qalacaq məscidlər, hamamlar, karvansaralar, yaşayış evləri və digər obyektlər inşa olunub. Bu sıraya Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Saatlı məscidi, Pənah xanın sarayı, Natəvanın evi, Hacıqulların malikanəsi, Üzeyir Hacıbəylinin ev-muzeyi, M.M.Nəvvabın evi və digər tikililər daxildir. 1982-ci ilin 14 yanvarında ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılışı edilmiş Molla Pənah Vaqifin türbəsi də Şuşanın memarlıq üslubuna yeni nəfəs gətirən abidələrdən birinə çevrilib.

Öz inkişafının sonrakı mərhələlərində əsaslı yenidənqurma və tikinti işləri az aparıldığından Şuşa tarixən formalaşmış memarlıq-planlaşma quruluşunu saxlayıb. Şəhərin mədəni irsinin, tarix-memarlıq abidələrinin qorunması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nömrəli qərarı ilə Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu yaradılıb. Qoruğun yaradılması şəhərin mədəni mirasının qorunmasında xüsusi əhəmiyyətə malik idi...

1992-ci il mayın 8-də Şuşanın Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilməsi şəhərdə ciddi dağıntılar törədilməsi ilə nəticələndi. 28 ildən artıq davam edən işğal müddətində Şuşa şəhəri, eləcə də Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən mədəni irs nümunələri erməni təcavüzünün qurbanına çevrilib. Bir çox tarixi abidələr, memarlıq əhəmiyyəti kəsb edən binalar dağıdılıb, bir qismi isə qanunsuz təmir işləri aparılaraq mənimsənilməyə məruz qalıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış tarix və mədəniyyət abidələrinin siyahısında Şuşa rayonu üzrə 210 nümunə var. Bu abidələrdən 1-i dünya əhəmiyyətli memarlıq, 44-ü ölkə əhəmiyyətli memarlıq, 5-i ölkə əhəmiyyətli arxeoloji, 155-i yerli əhəmiyyətli memarlıq, 5-i yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidələridir. Memarlıq abidələrindən 141-i Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Onlardan 3-ü ev-muzey, 5-i karvansara, 105-i yaşayış evi, 13-ü məscid, 1-i qapı, 1-i kilsə, 2-si mədrəsə, 1-i saray, 1-i hamam, 1-i türbə, 6-sı bulaq, 1-i dəyirman, 1-i ərzaq anbarıdır.

Şuşa Tarix-Memarlıq Qoruğu 2001-ci ildə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan maddi-mədəni irsin İlkin Siyahısına daxil edilib.

44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Ordumuz müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın bir müddətdə işğal altında qalmış torpaqlarımızı, o cümlədən Şuşa şəhərini azad etdi. Ədalət zəfər çaldı. Şuşa şəhəri dövlət başçısı tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan olundu.

Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli fərmanına uyğun olaraq işğaldan azad edilən ərazilərdə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların nəzdində yaradılmış qərargahlarda Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr abidələrin ilkin inventarlaşdırılması məqsədilə monitorinqlər aparılır. İşğaldan azad olunmuş digər şəhər və rayonlarımızda yerləşən tarixi abidələr kimi Şuşa şəhərində də olan mədəni irs nümunələrinin əksəriyyətinin dağıdıldığı, vandalizmə və erməniləşdirilməyə məruz qaldığı faktları ortaya çıxıb.

İşğaldan azad edilən ərazilərdə digər infrastruktur layihələri ilə yanaşı, tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində də dövlətimiz tərəfindən mühüm işlərin həyata keçirilməsinə başlanılıb. Hazırda Şuşa şəhərində də həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeylər də bərpa edilir.

Şübhəsiz ki, işğaldan azad edilmiş ərazilərimizin bərpa olunması həm də mədəni irsimizin bərpası prosesindən keçir. Böyük Qayıdış prosesində başlıca məqamlardan biri də bölgəyə mədəniyyətin, mədəni-mənəvi irsimizin qaytarılması, mədəni irsimizin bərpası olacaq. Mədəni irsin bərpası zamanı abidələrin ilkin simasına qaytarılması, bədii-estetik xüsusiyyətlərinin qorunması və onların müasir şəhərsalma prosesi çərçivəsində nəzərə alınması xüsusi əhəmiyyətə malikdir.

Fariz HÜSEYNLİ