Səudiyyə Ərəbistanının rəsmiləri Məkkədəki Harami Şərif məscidinin “Twitter” səhifəsində Kəbədəki qara daşın (Həcərül-əsvad) əvvəllər görünməmiş fotoşəkillərini yayıblar.

İki Müqəddəs Məscid üzrə Baş Departamentin yaydığı fotoşəkillərdə qara daşın yeni panorama fokusu ilə yaxından görüntüsü əks olunub. Ümumilikdə 49 min meqapiksel olan bu şəkillərin yüksək keyfiyyətlə çəkilməsi və qara daşın hissələrinin vahid foto halına gətirilməsinə 7 saat vaxt sərf edilib.

Müsəlmanlar qara daşın mələk Cəbrayıl tərəfindən İbrahim peyğəmbərə göydən endirildiyinə inanırlar. 605-ci ildə Məhəmməd peyğəmbər daşın Kəbənin divarında yerləşdirilməsində iştirak edib. 1626-cı ildə sel nəticəsində 15 parçaya bölünən qara daş sement məhlulu ilə birləşdirilib və gümüş çərçivəyə salınıb.