Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi və geniş təbliğ olunması məqsədilə mayın 6-da Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbir ümummilli liderin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş videoçarxın təqdimatı ilə başlayıb.

Sonra Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və azərbaycaçılıq ideologiyasının gələcək nəsillərə çatdırılması yönündə tarixi xidmətləri haqqında çıxışlar dinlənilib. Məruzəçilər Heydər Əliyev mərkəzlərində azərbaycançılıq məfkurəsinin gənclərə aşılanması istiqamətində aparılan işlər haqqında ətraflı məlumat veriblər.

Tədbir çərçivəsində “Tarix yazmış bir tale” adlı videotəqdimatlardan ibarət onlayn respublika müsabiqəsinin nəticələri elan olunub və qaliblər Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mükafatlandırılıb.

Müsabiqənin şərtlərinə əsasən, qaliblərin üçü münsiflər heyətinin rəyi əsasında, üç qalib isə videoçarxın “Facebook” sosial şəbəkəsində bəyənmə və paylaşma sayına görə müəyyənləşdirilib.

Qaliblər – Bahar Mürsəliyeva (Lerik rayon Heydər Əliyev Mərkəzi), Gülay Abdulhüseynova (Neftçala rayon Heydər Əliyev Mərkəzi), Nuranə Ramazanova (Zaqatala rayon Heydər Əliyev Mərkəzi), Leyla Mehdiyeva (Sabirabad rayon Heydər Əliyev Mərkəzi), Zeynəb Cəfərova (Şəki şəhər Heydər Əliyev Mərkəzi), Aysel Bağırlı (Xızı rayon Heydər Əliyev Mərkəzi) diplomlarla, digər iştirakçılar isə həvəsləndirici sertifikatlarla təltif olunublar.

Eyni zamanda layihəyə dəstək verən Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoruna təşəkkürnamə və hədiyyə təqdim olunub. Sonda müsabiqə qaliblərinin videoçarxlarının təqdimatı keçirilib.