Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar mayın 7-də Milli Kitabxanada “Ulu öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” mövzusunda tədbir keçirilib.

Mədəniyyət Nazirliyi, YAP Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkil etdiyi tədbirdə Bakı Dövlət Universitetinin (BDU) dosenti Rasim Süleymanovun “Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” kitabı da təqdim olunub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq qeyd edib ki, bu günlərdə Azərbaycan xalqı tarixi bir günü qeyd edir. Mayın 10-da nəinki Azərbaycanın, eləcə də dünyanın görkəmli şəxsiyyətlərindən biri olan ulu öndər Heydər Əliyevin doğum günüdür. Ümummilli lider kitaba, kitabxanaya, ədəbiyyata, milli-mənəvi dəyərlərimizə böyük əhəmiyyət verirdi. Ulu öndərin hakimiyyəti illərində bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur.

Direktor diqqətə çatdırıb ki, 1995-1997-ci illərdə ulu öndər Milli Kitabxananı 4 dəfə ziyarət edib və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab bağışlayıb. Qeyd olunub ki, bu gün toplandığımız Heydər Əliyev guşəsi ötən ilin dekabrında mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə açılıb: “İnanırıq ki, bu guşə gənclərimizin sevimli məkanına çevriləcək. Burada ulu öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar, onun öz kitabları və haqqında yazılan kitablar, Milli Kitabxanada olarkən çəkilən şəkillər, Məkkədən gətirdiyi və kitabxanaya hədiyyə etdiyi “Qurani-Kərim”, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazılarının nümayiş olunur”.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyev 80 illik həyatında çox mənalı bir ömür yaşayıb. Onun istər sovet hakimiyyəti illərində, eləcə də müstəqillik dövründə Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olub: “Bu gün Azərbaycanın müstəqil və qüdrətli bir ölkəyə çevrilməsinin bünövrəsi də məhz Heydər Əliyev tərəfindən  qoyulub. Heydər Əliyev daim Vətənini, onun gələcəyini düşünürdü. Onu da qeyd edək ki, cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza qazandırdığı möhtəşəm tarixi Qələbə də ulu öndərin ideyalarının təntənəsi, onun arzularının həyata keçməsi deməkdir. Ölkəmizin Qələbə qazanmasında, işğal altında olan torpaqlarımızın azad olunmasında bir vaxtlar Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yetirmələrinin xüsusi rolu olmuşdur”.

Vaqif Əliyev qeyd edib ki, Heydər Əliyevin Azərbaycanın qarşısındakı ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini xalqına rəhbərlik etmək üçün tövsiyə etməsi olub. “Yaxın 17 illik tariximiz bir daha sübut edir ki, ulu öndər öz seçimində yanılmamışdır və onun layiqli davamçısı olan cənab İlham Əliyev atasının başladığı işləri çox böyük uğurla davam etdirərək ona da baş ucalığı gətirmişdir”, – deyə nazirin birinci müavini bildirib.

YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev bildirib ki, biz hər il ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd edirik. Lakin bu il tamam ayrı əhval-ruhiyyə ilə qeyd olunur. Ulu öndərin ən böyük arzusu olan işğal altında olan torpaqlarımız artıq azaddır. Bu il biz qalib xalq olaraq bu günləri qeyd edirik.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışlarında ümummilli liderin həyatında kitab və mütailənin rolu haqqında söz açıblar.

BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti “Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” kitabının müəllifi Rasim Süleymanov çıxış edərək bildirib ki, Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Qeyd edib ki, ümummilli liderə həsr olunmuş bu kitabda dahi şəxsiyyətin həyatımızın bütün sahələrini əhatə edən zəngin fəaliyyəti araşdırılıb. Respublikamızda və dünyada görkəmli ictimai-siyasi, dövlət və elm xadimlərinin Heydər Əliyevə və onun zəngin dövlətçilik irsinə həsr etdikləri fundamental nəşrlərin və elmi əsərlərin gələcək nəsillərə çatdırılması məsələləri də burada nəşrdə ümumiləşdirilib.

Sonda tədbir iştirakçıları kitabxananın Heydər Əliyev guşəsi ilə tanış olublar.