Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “Örnək miras” adlı onlayn tədbir keçirilib.

Tədbirdə AMEA Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, institutun Heydər Əliyevşünaslıq Mərkəzinin rəhbəri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki yerindən və rolundan söz açıblar. Qeyd olunub ki, Heydər Əliyev hələ sağlığında əfsanələşən, müasir Azərbaycanın qurucusuna çevrilən uzaqgörən siyasətçi idi. Vurğulanıb ki, Vətənə sevgisi, xalqa ehtiramı, zəkası və istedadı ilə dünyada tanınan, bütün ömrünü xalqının xoşbəxt gələcəyi uğrunda mübarizə aparan belə bir tarixi şəxsiyyəti olan xalq bəxtəvərdir.

Tədbirdə Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdi Aysun Bədirli, “Avaz” televiziya muğam müsabiqəsinin baş mükafatçısı Fərid Məmmədli, “Aytam”  Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri bədii kompozisiya ilə çıxış ediblər.