Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə “Daim yaşar ədəbiyyat" adlı onlayn görüş keçirib.

Görüşün təşkilatçısı – kitabxananın Oxu zalının əməkdaşı Tərifə Abbasova açılış sözündə ədəbiyyat xadimlərin cəmiyyətdə  rolu, ədəbi sözün ictimai fikrə, insanların təfəkkürünə  təsiri barədə danışıb.

Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Azərbaycanda PEN klubun yaranmasından danışıb. O, Gəncə MKS-nin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Daha sonra AYB-nin Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi şair-dramaturq Xəzangül Hüseynova, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, teatrşünas-tənqidçi Anar Burcəliyev, şair-dramaturq Sahib İbrahimli və başqalarının çıxışları dinlənilib. Çıxışlarda Gəncə ədəbi mühitinin inkişaf mərhələləri və formalaşması istiqamətində uğurlardan danışılıb.

Sonda Gəncə MKS-nin direktoru Elmira Əliyeva və direktor müavini Fəridə Qədimova AYB-nin Gəncə bölməsinə və tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər.