Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunan səhnə əsəri təqdim edildi

Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində “Nizamidən Yunusa. Birlik ilə baxmaq” adlı tamaşa təqdim olundu. Təqdimatda Mədəniyyət Nazirliyinin nümayəndələri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, tanınmış elm və incəsənət xadimləri iştirak edirdi.

Bakıdakı Yunus Əmrə İnstitutu tərəfindən təşkil edilən proqram  Türk dünyasının iki mütəfəkkir şairi Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunub. Səhnə əsərinin təqdimatından əvvəl Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç çıxış edərək layihə barədə məlumat verdi.

Qeyd etdi ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyədə isə böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus İli” elan olunub. İki qardaş ölkənin ədəbi-mədəni irsinə töhfə olaraq belə bir layihəni gerçəkləşdirmək qərara alınıb.

Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı çıxışında iki qardaş ölkə arasında mədəni əlaqələrin vacibliyini diqqətə çatdırdı. Nizami Gəncəvi və Yunus Əmrə yaradıcılığının dünyada təbliğindən söz açan diplomat vurğuladı ki,  Nizami "Xəmsə"sinə daxil olan poemalar Şərq poeziyasına, xüsusilə də türk dünyasının ədəbiyyat və mədəniyyət tarixində yeni səhifə açıb: “Nizami poeziyası Yaxın və Orta Şərq ədəbiyyatı və incəsənətinin inkişafına böyük təsir göstərib və bu təsir indi də görünməkdədir. Türkiyənin böyük şairi Yunus Əmrənin nüfuz, təsir sahəsi o qədər geniş və dərindir ki, onu Anadoluya sığdırmaq mümkün deyil. Böyük ruhların fərqli xüsusiyyətləri yaşadıqları dövrü və mühiti aşaraq universal bir dil yarada bilmələridir. Məhz bu səbəbdən də onlar neçə əsrlər sonra da xatırlanır, yad edilirlər”.

Layihənin rəhbəri Günay Zebiç (Mehdizadə) tamaşa haqqında fikirlərini bölüşdü: “Mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və mədəniyyət körpüsünün daha sağlam tellərlə bağlanması üçün hər iki ölkənin dəyərli sənətkarlarını bir araya gətirdik. Tamaşanın şagirdlərlə hazırlanmasında məqsəd məhz onların təqdimatında yeni nəsillərə iki ölkənin mədəniyyətini, ədəbiyyatını tanıtmaqdan ibarətdir”.

Daha sonra tamaşa nümayiş olundu.

İki hissədən ibarət tamaşanın geyim üzrə rəssamı Günay Zebiç, quruluşçu rejissoru Hicran Sadıqzadə, musiqi və səs rejissoru Ülviyyə Vəlizadə, səhnə tərtibatçısı Elman Əliyevdir.

“Nizamidən Yunusa. Birlik ilə baxmaq” tamaşası Bakıdakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət gimnaziyası və Beynəlxalq Muğam Mərkəzinin birgə dəstəyi ilə hazırlanıb. Tamaşanın informasiya dəstəkçisi  İctimai Televiziyadır.

Lalə AZƏRİ