Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, illüstrator Ərzuman Paşayevin ustad dərsi keçirilib.

Dövlət Rəsm Qalereyasından verilən məlumata görə, ustad dərsi rəqəmsal incəsənət sahəsində yeniliklərin, tətbiq edilən metodların öyrənilməsi, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə təşkil edilib.

Ərzuman Paşayev bu sahədə qazandığı təcrübələrini “Digitalart-lab” layihəsinin iştirakçıları və ustad dərsinə canlı qoşulan digər izləyicilərlə bölüşüb, öz portfoliasını təqdim edərək tövsiyələrini verib, daha sonra onların suallarını cavablandırıb.

Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları, həmçinin digital incəsənətə maraq göstərən izləyicilərin iştirakı ilə gerçəkləşib.

Dərsin videomaterialını Azərbaycan Dövlət Rəsm Qalereyasının saytı və sosial media hesablarından izləmək mümkündür.