Hər il Azərbaycanda 9 May faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. 1941-1945-ci illər Vətən müharibəsi zamanı xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Müharibə illərində Azərbaycanın 600 mindən insan  cəbhəyə yollanmış, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Bakı nefti faşizm üzərində Qələbənin əldə olunmasında müstəsna rol oynamışdır.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş general Həzi Aslanovun, İsrafil Məmmədovun, Azərbaycan şahini Hüseynbala Əliyevin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, əfsanəvi partizan Mehdi Hüseynzadənin, antifaşist Müqavimət hərəkatının fəal iştirakçısı, Fransanın Milli Qəhrəmanı adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayper Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları dillər əzbəri olmuş, tarixə düşmüşdür.

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “9 May – faşizm üzərində Qələbə Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxslərinin Qələbə Günü haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdə tanış olmaq olar:

http://anl.az/el/vsb/9_May_Fasizm_uzerinde_qelebe_gunudur/index.htm