Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon Şorabad qəsəbə Sənətkarlıq evinin 9-cu sinif şagirdi Fatimə Həşimova Təhsil Nazirliyi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə keçirilən “Biz zəfər qazandıq” adlı respublika rəsm müsabiqəsində birinci yerə layiq görülüb.

***

Şəki Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin rəhbər şəxsləri və əməkdaşları Vətən müharibəsində canlarını qurban vermiş igid oğulların məzarlarını ziyarət edib, şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Oğuzun Baş Daşağıl və Qumlaq kənd kitabxanalarında Vətən müharibəsi şəhidi Beyrək Feyzullayevin ailə üzvləri ilə videoformatda görüş təşkil olunub. Görüşdə Mahmud Feyzullayev qardaşı haqqında xatirələrini bölüşüb.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin əhatə etdiyi müəssisələrin əməkdaşları Vətən müharibəsi şəhidləri Fazil Məmmədli, Fərrux Abbasov, Rəvan Qəfərov və Elçin İbrahimovun ailələri ilə görüşüblər. Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin əməkdaşları isə Vətən müharibəsi şəhidləri İlkin Əliyev, Xaləddin Veyisli və İlqar Hüseynovun məzarlarını ziyarət ediblər.

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbinin pedaqoji kollektivi “Nizami Gəncəvi irsi ölməzdir” adlı onlayn tədbir keçirib. Tədbirdə müəllimlər və şagirdlər tərəfindən şairin qəzəlləri səsləndirilib, “Xəmsə” haqqında məlumat verilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində və mərkəzin tabeliyində fəaliyyət göstərən Yeni Güdəcühür qəsəbə Klub-icma mərkəzinin kollektivi tərəfindən 9 May – Qələbə Günü ilə əlaqədar müxtəlif onlayn tədbirlər keçirilib. Mədəniyyət Mərkəzinin foyesində əlamətdar gün münasibətilə sərgi təşkil edilib.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Azərbaycan xalq nağıllarının bir neçəsinin onlayn formada ucadan oxusu keçirilib. Tədbirdə nağılların uşaqların inkişafında və tərbiyəsindəki əhəmiyyəti barədə söz açılıb.

NURƏDDİN