Özbəkistan paytaxtındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə mərkəzin həyətində yeni bağ salınıb və bağda Vətən müharibəsi şəhidlərinə həsr edilmiş abidə kompleksi yaradılıb. “Şəhidlər bağı” adlanan ərazi yenidən qurulub, ağaclar və gül kolları əkilib, yaşıllaşdırma, dizayn işləri aparılıb.

Açılış mərasimində ölkəmizin Özbəkistandakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin nümayəndələri, yerli rəsmilər və sakinlər   iştirak ediblər.

Öncə Vətən müharibəsi şəhidlərinə həsr edilmiş “Xarıbülbül” xatirə kompleksinin açılışı olub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək bildirib ki, bağın yaradılmasında məqsəd Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əbədiləşdirmək, AMM-ni ziyarət edənləri onlar haqqında məlumatlandırmaq, gənc nəslə, yerli azərbaycanlılara Vətənə məhəbbət, qəhrəmanlıq hislərini aşılamaqdır.

Samir Abbasov Ali Baş Komandanın rəhbərliyi il Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı  tarixi Qələbə barədə danışaraq otuz ilə yaxın davam edən əsarətdən sonra yurd yerlərimizin azadlığa qovuşduğunu söyləyib. O, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsinin daim dövlətimizin diqqətində olduğunu və onların xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov iki ölkənin dostluğundan danışıb. Bildirib ki, Özbəkistan həm ikitərəfli, həm də Türk Şurası çərçivəsində Azərbaycanın öz torpaqlarını azad etməsinə və ədaləti bərpa etməsinə dəstəyini ifadə edib. Özbəkistan cəmiyyətinin bu haqq işində Azərbaycanın yanında olduğunu vurğulayan Erkin Nuriddinov Vətən müharibəsi zamanı AMM ilə sıx təmasda  olaraq hər gün qardaş ölkə ilə maraqlandıqlarını, tanınmış ictimaiyyət nümayəndələrinin Azərbaycanla həmrəylik videomüraciətləri yaydıqlarını diqqətə çatdırıb.

Özbəkistan Jurnalistlər Birliyinin katibi Karim Baxriyev, Turizm və İdman Nazirliyinin nümayəndəsi Anvar Yusipov dili, mədəniyyəti, soykökü yaxın olan qardaş Azərbaycanın əldə etdiyi Zəfər münasibətilə xalqımızı təbrik ediblər. Çıxışçılar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan “Şəhidlər bağı” və abidə kompleksini yüksək qiymətləndiriblər.

Sonra mərasim iştirakçıları AMM-nin həyətində “Qızıl hərflərlə yazılan zəfər” adlı fotosərgiyə baxıblar.

Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə Quran oxunub və ehsan verilib.