İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin əməkdaşları Vətən müharibəsi şəhidi Ramil Musayev və Orxan Lətiflinin ailələrini ziyarət ediblər.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzində “Nizami Gəncəvi İli” çərçivəsində tədbir keçirilib. Onlayn tədbirdə Üzeyir Hacıbəylinin şairin sözlərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romansları ifa olunub, şeirlərindən parçalar səsləndirilib, əsərlərindən ibarət kitab sərgisi nümayiş etdirilib.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev Vətən müharibəsi şəhidi Sərvan Şükürovun ailəsi ilə görüşüb. Görüş zamanı ailəyə maddi və mənəvi dəstək olunub.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsi, Kürdəmir Rayon Təhsil Şöbəsi, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının birgə təşkilatçılığı ilə keçirilmiş virtual “Xəmsə möcüzəsi” adlı bədii qiraət müsabiqəsinin qalibləri müəyyən olub. Müsabiqədə I, II, III yerlərin sahiblərinə ayrı-ayrılıqda hər üç müəssisənin fəxri fərmanları təqdim edilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Məhəmmədəli İsmayıllının doğum gününü məzarı başında qeyd ediblər.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialı “İstiqlal şairi Əhməd Cavad” mövzusunda  şairin nəvəsi ilə onlayn görüş keçirib. Əhməd Cavadın (1892-1937) anadan olmasının ildönümü münasibətilə gerçəkləşən tədbirdə çıxış edənlər görkəmli şair və tərcüməçi, pedaqoqun əsərləri ilə həm Azərbaycan ədəbiyyatında, həm də türk dünyasında böyük şöhrət qazandığı vurğulanıb.

Gəncə şəhər MKS-nin Uşaq şöbəsi iki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları general-mayoru Həzi Aslanovun Lənkəran şəhərində yerləşən ev-muzeyinə virtual səyahət təşkil edib.

Gəncə şəhər MKS-nin 13 saylı kitabxana filialı uşaqların sevimli şairi Xanımana Əlibəylinin anım günü ilə əlaqədar “Uşaq ədəbiyyatımızın Xanım anası" adlı onlayn tədbir keçirib. Tədbirdə şairin qızı, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Gülər Abdullayeva anası haqqında xatirələrini bölüşüb.

Kəlbəcər rayon Mərkəzi kitabxanasında “Aşıq Ələsgər – 200” adlı onlayn tədbir keçirilib. Çıxış edənlər Aşıq Ələsgərin zəngin poetik irsinin Azərbaycanın bir çox aşıqları üçün əsl sənətkarlıq məktəbi olmasından danışıblar.

Samux rayon MKS-nin təşkilatçılığı ilə şair Gəray Bayramın “Azərbaycan  – hər ovucu bir Vətən” adlı kitabının onlayn təqdimatı keçirilib.

N.MƏMMƏDLİ