“Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.

Prezident İlham Əliyev bu sözləri mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident bildirib ki, Azərbaycan və Rusiya dövlət başçıları və Ermənistan hökumət başçısının imzaladığı 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda bu, təsbit edilib: “Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaq”.

O ki qaldı Ermənistan ərazisində olan hissəyə, dövlət başçısı diqqətə çatdırıb ki, “Rusiya Dəmir Yolları” şirkəti Ermənistanın dəmir yollarına sahibdir (2008-ci ildə bağlanan müqaviləyə əsasən, Ermənistanın dəmir yollarının idarəçiliyi “Rusiya Dəmir Yolları” ASC-nin 100 faiz törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” QSC-yə verilib –red.). “Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın” – deyə İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti son günlər Ermənistanda səslənən bəzi revanşist bəyanatlarla bağlı bu ölkəyə xəbərdarlıq edib.

“Mənim sözüm yerindədir. Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar” – deyə İlham Əliyev mayın 8-də (Şuşanın işğalı günü) Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələrinin Şuşanın qaytarılması ilə bağlı bəyanatlar verməsi ilə bağlı suala cavabında deyib.

Prezident bəyan edib ki, onlar uzun illər dırnaqarası “müzəffər və güclü” orduları ilə öyünürdülər: “Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.