Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyev mayın 7-də incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivinin üzvləri – Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, Əməkdar artistlər Nadir Xasiyev, Çingiz Əhmədov, Əkbər Əlizadə, Nahidə Orucova, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar Gülcahan Salamova və Əmrah Dadaşov da var.

Mükafata layiq görülən sənətçilər sosial şəbəkə hesablarında bu sevinclərini bölüşərək, xüsusi diqqət və qayğısı üçün Prezidentə təşəkkürlərini bildiriblər.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev kollektiv adından ölkə başçısına ürək sözlərini ifadə edib. Bildirib ki, Azərbaycan Prezidentinin bu sərəncamı ömrünü səhnəyə həsr edən insanlara yüksək qiymətin bariz nümunəsidir. “Səhnə fəaliyyətimizi yüksək dəyərləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bundan sonra da yaradıcılıq fəaliyyətimizi Azərbaycan teatrının salnaməsinə yeni uğurlu səhifələr yazılması üçün sərf edəcəyik”, – deyə o qeyd edib.