Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə başa çatıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyiblər.

Qala-konsertdə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri təqdim olunub.

Festival çərçivəsində Xalq artistləri Alim Qasımov, Azərin, Dinarə Əliyeva, Elçin Əzizov, Əlixan Səmədov, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Murad Adıgözəlzadə, Natiq Şirinov, Polad Bülbüloğlu, Samir Cəfərov, Teyyub Aslanov, Yusif Eyvazov, Əməkdar artistlər Fərqanə Qasımova, Mirələm Mirələmov, Sahib Paşazadə, Şəhriyar İmanov, Şirzad Fətəliyev və digər ifaçıların çıxışları da alqışlarla qarşılanıb.

Konsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarx təqdim edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısının birgə ifası ilə yekunlaşıb.

Konsert bitəndən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşüblər. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söyləyib.

***

Qeyd edək ki, mayın 12-də - “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıb.

Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

Festivalın birinci günündə əfsanəvi Bülbülün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın Azərbaycanı və Qarabağı vəsf edən unudulmaz ifalarının videoyazıları da nümayiş olunub.

“Xarıbülbül” musiqi festivalının birinci günü Xalq artisti Polad Bülbüloğlunun özünün bəstələdiyi “Azərbaycan – Odlar yurdum mənim” və “Şən Azərbaycan” mahnılarının ifası ilə başa çatıb.

Festival daha bir layihə ilə də yadda qalıb. Festival zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan “Əbədi imzalar” layihəsi təqdim olunub. Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notları ilk dəfə toplu halında nəşr edilib. Topluya daxil edilən əsərlərin bir çoxu ilk dəfə işıq üzü görür. Topluda Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsinin - Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun əsərlərinin notları yer alıb. Toplu Azərbaycan musiqisi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından mühüm əhəmiyyət daşıyır. “Əbədi imzalar” layihəsi çərçivəsində digər görkəmli bəstəkarlarımızın da əsərlərinin notlarının təqdimatı nəzərdə tutulur.

***

Musiqi festivalı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən “Xarıbülbül” beynəlxalq incəsənət festivalı təşkil olunub. İncəsənət festivalı zamanı xarıbülbül maketləri hazırlanıb və 13 ölkəni – Azərbaycan, Türkiyə, Pakistan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Rumıniya, Ukrayna və Yunanıstanı təmsil edən 32 rəssam Ermənistanın işğalından azad olunan ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri maketlərin üzərində çəkdikləri rəsm əsərləri ilə ifadə ediblər. Rəssamlar bu əsərləri Vətən müharibəsində əldə olunan Zəfərimizdən ruhlanaraq ərsəyə gətirib. Əsərlər “Xarıbülbül” musiqi festivalı zamanı Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada sərgilənib.

Xatırladaq ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin mayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil edilib. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırdığı vaxtda festivalın Şuşa şəhərində keçirilməsi həm də bu ərazilərin əsl sahiblərinin azərbaycanlılar olmasına dair verilən bir mesaj idi. 1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, düşmən tapdağı altında qalan ərazilərimiz ötən müddətdə yerlə-yeksan olunsa da, Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində bu torpaqlarda həyat yenidən dirçəlməyə başlayıb. Şuşada bərpa olunan “Xarıbülbül” musiqi festivalı da bu dirçəlişin göstəricisidir…