Özbəkistanın “interpress.uz” və “tnews.uz” portalları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının açılışı və qala-konsertlə başa çatması haqqında özbək və rus dillərində materiallar yayıb.

Məqalələrdə bildirilir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva, festivalın qonaqları iki gün (12-13 may) ərzində musiqiçilərin çıxışlarını dinləyiblər.

Festivalın açılışında çıxış edən Azərbaycan Prezidentinin “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək” sözləri diqqətə çatdırılır.

Saytlar Prezident İlham Əliyevin festivalın açılışındakı çıxışından sitatlar da verib: “Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. ...Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir”.

Portallar bildirir ki, qala-konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Ələkbər Tağıyev, Müslüm Maqomayev, Niyazi, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarların əsərləri təqdim olunub, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi korifey sənətkarların səs yazıları dinlənilib.

Həmçinin qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra obyektin açılışında iştirak ediblər.