Azərbaycan Milli Xalça Muzeyi 18 may – Beynəlxalq Muzeylər Gününü silsilə tədbirlərlə qeyd edəcək. Bu münasibətlə onlayn görüşlər keçiriləcək.

Ayrı-ayrı icmalarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirən Azərbaycan Milli Xalça Muzeyi bu dəfə də müxtəlif sənət sahələri üzrə mütəxəssislər, sənətkarlar arasında ünsiyyət körpüsü yaradacaq. Görüş zamanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Kreativ Azərbaycan” proqramları ilə bağlı məlumat veriləcək, yerli yaradıcı məhsulları və xidmətləri ölkə daxilində, həmçinin xarici bazarlarda tanıtmaq və s. mövzularda fikir mübadiləsi aparılacaq.

Sağlamlıq imkanları məhdud şəxsləri birləşdirən ictimai təşkilatların rəhbərləri ilə görüş zamanı indiyədək birgə həyata keçirilən uğurlu layihələrdən və gələcək planlardan söhbət açılacaq. Ölkəmizin ilk inklüziv muzeyi kimi Azərbaycan Milli Xalça Muzeyi ilə bu istiqamətdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərinə toxunulacaq.

Qarabağ muzeylərinin direktorları ilə onlayn görüş zamanı isə işğaldan azad olunmuş torpaqlarda vaxtilə fəaliyyət göstərmiş muzeylərin mövcud problemləri və onların həlli yolları müzakirə ediləcək. Həmin muzeylərin kolleksiyalarının öz vətəninə qaytarılması məqsədilə Beynəlxalq Muzeylər Şurasının (İCOM) müvafiq komitələri ilə həyata keçirilən danışıqlar, toplanmış yeni məlumatlar ətrafında fikir mübadiləsi aparılacaq.

Həmçinin mayın 18-də saat 19:00-da muzeylər içərisində ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi “Nə? Harada? Nə zaman?” intellektual oyununu keçirəcək. Azərbaycan dilində baş tutacaq oyunda qeydiyyatdan keçən ilk 20 komanda iştirak edəcək. Oyun muzeyin “Facebook” səhifəsindən canlı yayımlanacaq.

İştirakçılara ünvanlanacaq sualların mövzusu incəsənət sahəsini əhatə edəcək, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı olacaq. Qaliblər müxtəlif hədiyyələr qazanacaqlar.

Milli Xalça Muzeyi intellektual və yaradıcılıq imkanlarını sınamaq istəyən hər kəsi oyuna qatılmağa dəvət edir. Bunun üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.

https://form.jotform.com/211223719513448

Silsilə tədbirlərin yekunu olaraq mayın 18-i saat 21:00-da Azərbaycan Milli Xalça Muzeyində “Muzeylər gecəsi” keçiriləcək. Azərbaycan Milli Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək gecədə yeni fəaliyyətə başlayan rok, caz qrupları və ifaçıları maraqlı konsert proqramı ilə çıxış edəcəklər.

Həm əylənmək, həm də zövqlü musiqi dinləmək istəyənlər muzeyin “Facebook” səhifəsindən canlı yayımlanacaq konserti izləyə bilərlər.

18 may – Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunub. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”dır.