Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü əsasında 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə bir neçə mərhələdə davam edəcək beynəlxalq onlayn konfransa start verilir. Beynəlxalq konfransın açılış mərasimi 19 may 2021-ci il tarixində keçiriləcək.

İCOM Pakistan Milli Komitəsi və Türkiyənin KUMİD (Kültürel Mirasın Dostları Derneği) qeyri-hökumət təşkilatının birgə düzənlədiyi konfransın məqsədi muzey sahəsində çalışan mütəxəssislər arasında muzeylərin idarə olunması və mədəni irsin qorunması ilə bağlı fikir və təcrübə mübadiləsinin aparılmasıdır.

Onlayn konfransın ilk sessiyası İCOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə baş tutacaq. Sessiyada Beynəlxalq Muzeylər Gününün builki devizinə uyğun olaraq  “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” adı altında “Rəqəmsal transformasiya”, “Sosial aktuallıq və davamlılıq”, “Yeni biznes modelləri” kimi mövzularda məruzələr dinləniləcək.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova,  “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və YARAT Müasir İncəsənət Məkanının kuratoru Fərəh Ələkbərli, eləcə də Lahor Təbiət Tarixi Muzeyinin (Pakistan) baş meneceri Avais Malik, Banqladeş Milli Muzeyinin keçmiş baş direktoru və İCOM Banqladeş İdarə heyətinin üzvü Fayzul Latif Çoudhari və Yeni Delhidə (Hindistan) Prezident Ev-Muzeyinin direktor müavini Pankaj Protim Bordoloi cıxış edəcəklər.

Ümumilikdə İCOM-un 32 ölkədən olan milli komitələrinin, ayrı-ayrı mədəniyyət təşkilatlarının və universitetlərin əməkdaşlığı ilə reallaşacaq onlayn konfrans qruplar üzrə sessiyalarla iyun-iyul aylarında və daha sonra noyabradək davam edəcək.