İlk dəfə Şuşanı gəzəndə uşaq idim və gözəlliyi məni sonsuz heyrətləndirmişdi. Yenidən burada olmaq və 36 illik ayrılıqdan sonra İsa bulağından su içmək necə də xoşdur!

Mədəniyyət naziri Anar Kərimov bu sözləri Şuşaya səfəri ilə bağlı “Twitter” sosial şəbəkə səhifəsindəki paylaşımında qeyd edib.

12-13 may tarixində mədəniyyətimizin paytaxtı, musiqimizin beşiyi Şuşada keçirilən “Xarıbülbül” festivalında iştirak edən Anar Kərimov illərin ayrılığından sonra qədim şəhərin tarixi məkanlarını ziyarət etməyin doğurduğu duyğuları ifadə edib.

Anar Kərimov 1985-ci ildə Şuşada, İsa bulağında çəkilmiş uşaqlıq şəklini 36 il sonra eyni məkanda çəkdirdiyi fotoşəkil ilə birlikdə paylaşıb.

“Şuşa həmişə kimliyimizin və mədəniyyətimizin nişanəsi olaraq qəlbimizdə qalıb”, – deyə nazir qeyd edib.