Dünyanın bir ildən çoxdur mübarizə apardığı COVİD-19 pandemiyası həyatın bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsinin işində ciddi çətinliklər yaradıb. Xarici ölkələrdə, o cümlədən Azərbaycanda pandemiya şəraitində muzeylər öz fəaliyyətlərində yeni üsullara üz tutur, seyrçi auditoriyaları ilə yeni ünsiyyət formaları axtarırlar.

Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə “Pandemiya dövründə ev-muzeylərin fəaliyyətində müasir texnologiyaların tətbiqi: təcrübə mübadiləsi” adlı vebinar keçirilib.

Paytaxtda fəaliyyət göstərən ev-muzeylərin işindəki yenilikləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq məqsədilə gerçəkləşən tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyi, Nəriman Nərimanovun Xatirə Muzeyi, Bülbülün Memorial Muzeyi, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Niyazinin, Mstislav və Leopold Rostropoviçlərin ev-muzeylərinin rəhbər və əməkdaşları iştirak ediblər.

Çıxışlarda pandemiya şəraitində ev-muzeylərin fəaliyyəti və qarşıda duran vəzifələrdən söz açılıb.