Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən, “Wikipedia”nın özbək dili bölməsində Azərbaycanın Laçın rayonu haqqında yeni materiallar istifadəyə verilib.

Materialda qeyd olunur ki, 18 may 1992-ci ildə Laçın rayonu Ermənistan ordusu tərəfindən işğal edilib. 28 ildən sonra, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyannaməyə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunub.

Mənbənin “Mədəniyyət, təhsil və tibb” alt hissəsində işğaldan əvvəl rayonda 217 mədəniyyət müəssisəsi, 142 tibb müəssisəsi, 133 idarə və müəssisə, 100 orta məktəb, 5 məktəbəqədər təhsil müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta peşə məktəbi, texniki məktəb, 1 rabitə evi və s. fəaliyyət göstərdiyi və erməni işğalı nəticəsində sözügedən müəssisələrin dağıdılıb məhv edildiyi diqqətə çatdırılır.

Məqalədə Laçında bir çox faydalı su mənbələrinin olduğu, 20-dən çox şəfalı mineral su ehtiyatı, o cümlədən Minkənd ərazisində yerləşən İstisu haqqında  məlumat verilir.

Materialda alban xristian irsinə dair Ağoğlan monastırı haqqında da söz açılır.

Bundan başqa, rayon ərazisində yerləşən Hocazsu çayının sağ qolunun sahilindəki Ağbulaq kəndi haqqında bilgi verilir. Qeyd olunur ki, kəndin adı keçmişdə Zəngəzur qəzasında yaşamış Ağkörpü adlı tayfanın qışlaq yerlərindən götürülüb.

Özbək dilində yaradılmış Laçın rayonu haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Lachin linkində tanış olmaq mümkündür.