“Alban-udi dini məbədləri böyük tarixi irsdir, bizim mirasımızdır”

Xəbər verdiyimiz kimi, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. XII əsrin yadigarı olan tikilinin bərpadan sonra açılışı ötən il noyabrın 7-də olmuşdu. Kilsə binasının bərpası Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində reallaşmışdı.

Azərbaycanda yaşayan xalqların birlik və həmrəyliyi 2020-ci ilin Vətən müharibəsində,  işğalçıya qarşı haqq savaşında bir daha özünü nümayiş etdirmişdi. Əlamətdar haldır ki, Azərbaycan dövlətinin tolerantlıq siyasətinin, milli və dini azlıqlara diqqət və qayğısının ifadəsi olan layihənin növbəti təqdimatı da elə Vətən müharibəsi dövrünə təsadüf etmişdi.

Onu da qeyd edək ki, bu, Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən təmir edilən ikinci kilsədir. 2006-cı ildə qəsəbədəki “Cotari” alban-udi kilsəsi təmir edilmişdi.

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Nic qəsəbəsindəki hər iki kilsəni ziyarət ediblər.

Dövlətimizin başçısına və birinci xanıma əvvəlcə Müqəddəs Məryəm Ana kilsəsində görülən işlər barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, Müqəddəs Məryəm Ana kilsəsinin bərpası 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü əsasında başlayıb və 2020-ci ilin noyabr ayında Vətən müharibəsi zamanı bərpa işləri başa çatdırılıb.

Bildirilib ki, kilsənin aşağı hissəsi XII əsrdə tikilib. İkinci hissənin tikintisi isə XIX əsrdə aparılıb. Yenidənqurma zamanı tikilinin 50 faizə yaxın kərpicləri, daşları bərpa olunub. Kilsənin tavanı, döşəməsi dəyişdirilib. Bərpa zamanı işlər Afina memarlığına (xristian ortodoks) uyğun olaraq aparılıb, daxili və xarici tərtibata heç bir xələl gətirilməyib. Əsasən kilsənin tikintisi zamanı işlənmiş inşaat materiallarından istifadə edilib. Kilsənin həyətyanı sahəsi abadlaşdırılıb, hasara alınıb, bulaq və üç gölməçə yaradılıb.

Kilsə ilə tanış olan Prezident İlham Əliyev deyib: “Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz – həm Xudavəngdə (Kəlbəcər rayonu – red.), həm Ağoğlanda (Laçın – red.). Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik... Bu, böyük bir tarixi irsdir, bizim mirasımızdır. Bu günlərdə Şuşada “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış etmişlər. Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır... Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir”.

Kilsədə dövlət başçısına qədim alban əlifbasında əlyazmalar da təqdim edilib. Bildirilib ki, bu əlyazmalar dünyanın ən məşhur linqvistləri tərəfindən udi dili əsasında 9 dilə tərcümə edilib.

Prezident İlham Əliyev qədim alban əlifbasının öyrənilməsi və  təbliğ edilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu ilə birlikdə müvafiq işlərin görülməsini tövsiyə edib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Nic qəsəbəsindəki Müqəddəs Yelisey “Cotari” kilsəsində də olublar. Bildirilib ki, kilsə 1823-cü ildə tikilib. Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi xristian icmasının istifadəsinə verilib.

Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünya üzrə sayı 10 minə yaxın olan udinin 4 mini bu qəsəbədə yaşayır.