Mayın 18-də Sabirabad Regional Mədəniyyət İdarəsi və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə “Sözün nizamı” adlı onlayn tədbir keçirilib.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsi aparatının və idarənin əhatə etdiyi müəssisələrin əməkdaşları, Bakı Uşaq və Gənclər Teatrının yaradıcı kollektivi iştirak edib.

Teatrın direktoru, Əməkdar artist İntiqam Soltan tədbiri giriş sözü ilə açaraq Nizami Gəncəvinin həyatı və zəmanəsi haqqında iştirakçılara ümumi məlumat verib.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsini azərbaycançılığa, ədəbiyyat, tarix və mədəniyyətimizə ehtiramın təzahürü olduğunu qeyd edib.

Regional idarənin əməkdaşları çıxış edərək Nizami Gəncəvi ədəbi irsinin təbliği istiqamətində mədəniyyət müəssisələri tərəfindən müxtəlif səpkili tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıblar.

Bakı Uşaq və Gənclər Teatrının ssenaristi Arzu Soltanın “kahoot.it” platforması üzərindən təşkil etdiyi Nizami Gəncəvinin həyat və yaradıcılığına aid viktorina maraqla qarşılanıb.

Sonda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Mehman Piriyev, Niyaz İlyasoğlu, Gülər Ləzgiyeva, Gülnar Əlizadə, Ədalət Ağaverdiyev, Əfruz Əliyeva, Toğrul İsabəyli və Röyal Allahverdiyev Nizami poeziyasından nümunələr səsləndiriblər. Həmçinin teatrın yaradıcı kollektivi tərəfindən şairin qəzəlinə bəstələnmiş musiqi ifa olunub, əsərləri əsasında kompozisiya nümayiş etdirilib.