Almaniyanın “kulturnews.de” portalında azərbaycanlı caz ifaçısı İsfar Sarabski ilə “İsfar Sarabski. Əbədi davam edən” başlıqlı müsahibə dərc olunub.

Cazmen müsahibəsində koronavirus pandemiyasının onun yaradıcılığına təsiri, bu dövrdə peşəkar fəaliyyətində baş vermiş yeniliklər barədə söhbət açıb. Musiqiçi 17 yaşından etibarən xarici ölkələrdə səfərlərdə olduğunu, geniş kütlə qarşısında çıxışlar etdiyini, lakin pandemiyanın dünyada hakim olduğu vaxtdan etibarən vəziyyətin dəyişdiyini, hamı kimi onun da bu yeni vəziyyətə uyğunlaşmağa çalışdığını qeyd edib. Bildirib ki, yaranmış vəziyyətin bir üstünlüyü var, o da yaradıcılığına daha çox diqqət ayırmaq imkanının olmasıdır.

Musiqiçi daha sonra “Planet” adlı yeni işıq üzü görmüş ilk solo albomu barədə məlumat verib. İsfar Sarabski bu ilin sonunadək ikinci albomunu ictimaiyyətə təqdim etmək niyyətində olduğunu vurğulayıb.