Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə

Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində işə başlayan “ATM – 2021” (Arabian Travel Market) beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur. Pandemiya başlayandan bu yana ölkəmizin ilk dəfə olaraq real stend ilə qatıldığı sərgidə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı da ziyarətçilərə təqdim edilir.

Sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə, “Azərbaycan Hava Yolları” (AZAL) və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı daxil olmaqla, ölkənin turizm sektorunu təmsil edən 9 yerli tərəfdaş iştirak edir.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmit ilyarım fasilədən sonra pandemiya dövründə Yaxın Şərq üzrə keçirilən turizm sərgisinin postpandemiya dövrü üçün müsbət başlanğıc olduğunu söyləyib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov sərginin Qarabağın yeni bir turizm destinasiyası kimi tanıdılması üçün yaxşı platforma olduğunu qeyd edib. O, sərgi iştirakçıları tərəfindən Qarabağ bölgəsinə böyük maraq göstərildiyini bildirib.

Pandemiya şəraitində sosial izolyasiya qaydaları nəzərə alınaraq təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kvadratmetrlik sahəni əhatə edən milli stendlə təmsil olunur. Stenddə iştirakçıların sayı eyni anda 25 nəfəri keçməmək şərtilə görüşlər keçirilir.

Görüş iştirakçılarına işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Azərbaycanda pandemiya dövründə görülən işlər, mövcud olan və inkişaf etdirilən turizm məhsulları və yeni turizm təklifləri barədə məlumatlar təqdim olunur.

Qeyd edək ki, mayın 19-dək davam edəcək “ATM – 2021” sərgisində müxtəlif ölkələrdən ümumilikdə 2500-dən çox iştirakçı var.