Norveçin paytaxtı Oslonun Aker Brygge bulvarında “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi açılıb. Sərgi Azərbaycan-Norveç əlaqələrinə və dünya şöhrətli norveçli alim və səyyah Tur Heyerdal ilə ümummilli lider Heydər Əliyev arasında dostluq münasibətlərinə həsr edilib.

Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan sərginin açılış mərasimində Türkiyənin bu ölkədəki səfiri Fazlı Çorman, Qazaxıstan səfirliyinin məsləhətçisi Talgat Zhumqalov, Tur Heyrdal İnstitutunun baş müşaviri Beate Björge, “Reaching Out” təşkilatının sədri Neha İkram və diasporumuzun fəalları iştirak ediblər.

Türkiyə səfiri Fazlı Çorman çıxış edərək “CAN” təşkilatının sədri Şervin Nəcəfpuru yeni uğurlu təşəbbüs münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin “İki dövlət, tək millət” ifadəsini yada salan diplomat Azərbaycan və Türkiyə dostluğunun tarixi və mədəni əsasları barədə söz açıb.

Şervin Nəcəfpur “CAN” təşkilatının fəaliyyəti, yeni sərginin mahiyyəti barədə məlumat verib. Bildirib ki, bu sərgi həm də Azərbaycan-Norveç dostluğunun memarları olan Heydər Əliyev və Tur Heyerdaldan, ölkələrimizi birləşdirən ümumi dəyərlərdən bəhs edir.

Beate Björgə Tur Heyerdalın ölkəmizə bağlılığı və ümummilli lider Heydər Əliyevlə dostluq münasibətləri barədə danışıb.

Norveçli fotoqraf və art-direktor Edmond Yang Azərbaycana səfəri barədə xatirələrini bölüşərək deyib: “Bu gün biz Norveçlə Azərbaycanın mədəniyyətini bir araya gətirməyə çalışdıq, çünki bizi birləşdirən dəyərləri axtarıb tapmağı sevirik. Azərbaycana ilk dəfə gələndə bu ölkə məni çox heyrətləndirdi. İnsanların doğma münasibəti, qonaqpərvərliyi, Azərbaycanın yemək mədəniyyəti ürəyimizi isitdi”. Edmond Yang bildirib ki, bu gün Azərbaycan Avropada aşkarlanmasını gözləyən gizli bir incidir və bu səbəbdən belə sərgilərin keçirilməsi vacibdir.

Sərgi iyunun 6-dək davam edəcək.