Niderlandın Rotterdam şəhərində təşkil olunan “Eurovision  2021” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Mayın 18-də gecə saatlarında gerçəkləşən ilk yarımfinalda Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta təmsilçiləri çıxış edib.

Səsvermənin nəticələrinə əsasən, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi finala vəsiqə qazanan 10 ifaçı sırasında yer alıb.

Səhnəyə 14-cü çıxan Samirə Əfəndi “Mata Hari” mahnısını ifa edib. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Mahnı I Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Hariyə həsr olunub.

Birinci yarımfinal gecəsində Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri də finalda iştirak hüququ əldə ediblər.

Bildirək ki, sayca 65-ci olan “Eurovision” mahnı müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınmışdı. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.