Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 2020-ci ilin Vətən müharibəsində qazandığı Zəfər, otuz ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ölkəmizin mədəniyyəti, incəsənəti üçün də böyük ilham qaynağıdır.

Milli Kitabxana Ordumuzun zəfər yürüşünə dəstək olaraq cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi, uzun illər işğal altında qalan, dağıdılıb talan edilən tarixi-mədəni irsimizin dünyaya tanıdılması məqsədilə resurslarını istifadəçilərə daha əlçatan etmək üçün səy göstərib. Kitabxanada “Qarabağ Azərbaycandır!”, “Qarabağ abidələri”, “Qarabağ xalq sənətkarlığı”, “Qarabağ geyimləri”, “Qarabağ xalçaları” adlı elektron sərgilər Azərbaycan və ingilis dillərində hazırlanaraq virtual rejimdə təqdim edilib.

Görülən işlərin davamı olaraq Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi ilə birgə layihəsi olan “Milli musiqi xəzinəmizdən (Milli Kitabxananın fondundan)” seriyasından “Vətənpərvərlik mahnıları” adlı səs və fortepiano üçün not məcmuəsi nəşr olunub. Not məcmuəsinə “Azərbaycan bayrağına” (musiqi: Aygün Səmədzadə, söz: Əhməd Cavad); “Azərbaycan” (musiqi: Aygün Səmədzadə, söz: Qənirə Paşayeva); “Vətənin övladları” (musiqi: Lalə Cəfərova, söz: Ramiq Muxtar); “Unutmayacağıq da” (musiqi: Nərminə Nağıyeva, söz: Şahin Musaoğlu); “Azərbaycan” (musiqi və söz: Fərid Fətullayev); “Qələbəyə gedən yollar” (musiqi: Azad Zahid, söz: Abdulla Qurbani); “Zəfər çağırır bizi” (musiqi: Pikə Axundova, söz: Şahin Musaoğlu); “Əsgər marşı” (musiqi: Cavanşir Quliyev, söz: Əli Kami); “Milli Ordumuz” (musiqi: Eldar Babayev, söz: Hikmət Ziya); “Azadlıq Günü” (musiqi: Azər Hacıəsgərli, söz: Rəsul Rza) əsərləri daxil edilib.

Məcmuələrin bütün musiqi məktəblərinə və şəhər-rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinə göndərilməsi təmin edilib.

Not məcmuəsi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/down/vetenperverlik.pdf